Beyləqan: Vətən müharibəsinin qəhrəmanları
Region

Beyləqan: Vətən müharibəsinin qəhrəmanları

Beyləqan  Rayon  İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin   Rayon Şöbəsinin  birgə təşkilatçılığı ilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş təşkil edildi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan Vətən müharibəsinin qəhrəmanlarına orden və medallar təqdim olundu.

Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə icra başçısı Asif Ağayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışdı. Bildirdi ki, dövlət başçısının diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib. Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilib.

Vətən müharibəsində şəhid olan mayor Elburus Bayramovun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, şəhid Siyahim Dəmirovun döyüşlərdə göstərdiyi şücaətə görə təltif edildiyi “Qarabağ” ordeni, şəhid İbrahim Əsgərovun təltif edildiyi “Vətən uğrunda” medalı ailələrinə verildi. “Cəsur döyüşçü” medalı  qazi Amid  Hacıyevə təqdim olundu.

Şəhid ailələri və qazi Amid Hacıyev onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, ümumilikdə Beyləqan rayonu üzrə 111 şəhid ailəsinə 128 medal, 69 müharibə iştirakçısı və qaziyə 70 medal təqdim edildi.

Ərəstun ABDULOV,

“Respublika”.