Beyləqan rayon sakininin polis əməkdaşına atəş açması ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Beyləqan rayon sakininin polis əməkdaşına atəş açması ilə bağlı cinayət işi başlanıb

Noyabrın 30-u saat 01 radələrində Beyləqan rayonunun Aşağı Çəmənli kəndi ərazisində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Beyləqan Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla həmin kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışovun Beyləqan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin kənd ərazisində xidmətdə olan polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərindəki qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışovun silahın qeydiyyatsız olduğunu bildirdiyi, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirdiyi, E.Alışovun ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşlarının silahı onun əlindən aldığı müəyyənləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

AZƏRTAC