Beyləqan: Bulaq  kompleksi 
Region

Beyləqan: Bulaq  kompleksi 

Beyləqan   rayonunda   44  günlük  Vətən  müharibəsi  zamanı  şəhidlik  zirvəsinə  ucalan  Abbasov  Şamxal  Xasay  oğlunun xatirəsinə  inşa  edilən bulaq  kompleksinin  açılışı  oldu. Açılış mərasimində  rayon icra hakimiyyətinin  məsul  əməkdaşları, şəhid  ailələri,  qazilər, ictimaiyyət  nümayəndələri, şəhidin  yaxınları iştirak etdilər.  

Şamxal Abbasov 14  fevral 1995-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində  dünyaya  göz  açmışdır. Azərbaycan  Silahlı  Qüvvələrinin  Quru  Qoşunlarında   Müddətdən  artıq  Həqiqi  Hərbi Xidmətdə  olan  Şamxal Abbasov  2020-ci il sentyabrın 27-də Azərbaycan  Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad  edilməsi  və  Azərbaycanın ərazi  bütövlüyünün bərpa olunması  üçün  başlanan Vətən  müharibəsi zamanı  Füzuli,   Zəngilan və Qubadlı uğrunda  gedən döyüşlərdə savaşıb. 21 oktyabr 2020-ci ildə Qubadlı    uğrunda  gedən  döyüşlərdə qəhrəmancasına  şəhid  olub.
Tədbirdə  çıxış  edənlər  44  günlük  Vətən  müharibəsində  Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun  şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Ali   Baş Komandan  cənab  İlham Əliyevin rəhbərliyi  ilə torpaqlarımızın  işğaldan  azad  edildiyini  və  qazanılan  Böyük  Qələbənin  tarixi əhəmiyyətini    qeyd  edib, şəhid  Abbasov  Şamxalın  döyüş  yolundan  danışıb,   Azərbaycan  xalqı  üçün igid, qeyrətli  və  mərd  oğul  yetişdirən  şəhidin  ailəsinə ehtiram  və  hörmətlərini   bildirdilər.
Daha  sonra  şəhidin atasına  Azərbaycan Vətən  Müharibəsi  Veteranları İctimai  Birliyinin Fəxri Fərmanı və medalı  təqdim  olundu.
Tədbir şagirdlərin  ifasında  şəhidimizə  həsr  edilmiş  şeir  və  kompozisiyalarla  davam  etdirildi.

Ərəstun ABDULOV,

 “Respublika”.