Bəşəriyyətin təkamülü prosesləri  və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri  və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən  insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Qəzetimizin bu sayından etibarən bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələr xronoloji ardıcıllıqla oxuculara müntəzəm təqdim olunacaq...

"Respublika".

Təkərin icadı

Tarix boyu insanlar daim yeniliyə can ataraq müxtəlif kəşflər və ixtiralar ediblər. Onlardan  bizə qalan bu miraslar sayəsində  dünyamız büsbütün dəyişərək bugünkü səviyyəyə çatıb. Əcdadlarımız bu icadları edərkən ağıllarına belə gəlməzdi ki, onların  ixtiraları zaman keçdikcə elm və texnologiyanın  inkişafına təkan verərək dünyanın nizamını dəyişdirəcək. Tarixin gedişatına təsir edən bu mühüm  hadisələrin içərisində ilkin olaraq  təkərin icadının başlıca rolu olduğunu  desək yanılmarıq.

Bu gün həyatımızı asanlaşdıran, uzun məsafələri qısaldan, nəqliyyat vasitələrinin əvəzolunmaz  hissəsi olan bu mexanizm ixtira edilməsəydi, dünyanın hansı vəziyyətdə olacağını  təsəvvür etmək çətin olardı. Təkər deyincə  ilk olaraq ağıla nəqliyyat vasitələrində istifadə edilən ehtiyat hissələri gəlir. Ancaq bu gün həyatımızın demək olar ki, hər bir sahəsində təkərdən ilhamlanaraq hazırlanan sistemlərdən istifadə olunur. Müasir dövrün bir çox sahəsində  istifadə edilən təkər ətrafımızdakı  bəzi əşyalar və cihazların əsas hissəsini təşkil edir. Yalnız avtomobillər, qatarlar deyil, iri gəmilər və təyyarələr də bu mexanizm  sayəsində işləyir. Hər hansı saatı açıb baxsanız, onun da içərisində kiçik təkərciklər görərsiniz.  Hər kəsə məlumdur ki, saatın əqrəbləri də məhz  bu təkərciklər vasitəsilə hərəkətə gəlir. Deməli, təkər icad olunmasaydı, biz zamanı da öyrənə bilməzdik.

Qədim insanların sadəcə ağır yükü bir yerdən başqa yerə aparmaq üçün taxtadan hazırladıqları, dəyirmi formaya malik təkər zaman keçdikcə digər texnoloji cihazların da inkişafına səbəb oldu. Daha dolğun desək, bu mexanizm insanı yeni məhsuldar kəşflərə sövq edən bir növ katalizator rolunu oynadı.

Heç düşünmüsünüzmü təkər necə, harada, hansı zərurətdən yarandı? Müasir həyatımızı təkərsiz təsəvvür etmək mümkündürmü? Əlbəttə ki, yox. Lakin onun da bir tarixi var. Yalnız özünəməxsus tarixi...

Sivilizasiyanın formalaşmasında  böyük rol oynayan təkərin ilk dəfə kim tərəfindən və harada icad edildiyi dəqiq bilinmir. İlkin olaraq harada istifadə edildiyi ilə bağlı fikir ayrılıqları olsa da, onun bəşəriyyətin ən mühüm ixtiraları arasında olduğu danılmaz faktdır.  Əslində təkərin icadı telefon və ya işıq lampasının kəşfi  kimi tək bir ixtiraçıya aid edilə bilməz. Təkərin yaranışının tarixi çox dərin qatlara gedib çıxır. Onunla bağlı ilkin məlumatlara bizim eradan əvvəl IV əsrdə rast gəlinir. Əldə edilən dəlillərə  görə, o, ilk dəfə  qədim sivilizasiyaların beşiyi Mesopotamiyada meydana gəlib. Onun eramızdan təxminən  3500 il əvvəl icad edildiyi,  vətəninin Mesopotamiya (indiki İraq) olduğu güman edilir. Cəmi bir neçə əsr sonra eramızdan təxminən 3200 il əvvəl isə ixtira nəqliyyat vasitələrinin ayrılmaz hissəsi kimi istifadə olunmağa başladı. Məhz o vaxt ilk "Mesopotamiya" arabaları meydana çıxdı.

Əlbəttə ki, ilk dövrlərdə onun indiki təkər kimi funksiyaları olmayıb. Sadəcə, qədim insanlar təbiət hadisələri və təsadüflər nəticəsində yumru daşların necə dığırlandığını görmüş, sonradan onlara diqqət yetirmişlər. Və bundan başlayaraq təkərlə bağlı primitiv ideyanın rüşeymləri yaranıb. Daha sonra insanlar qaldıra, daşıya bilmədikləri ağır yükləri təkər formasında olan yumru ağac kötüklərinin, daşların üstünə qoyaraq istədikləri yerə daşımışlar. Ancaq çox güman ki, o uzaq dövrlərdə daha rahat daşınmaq üçün ağır yüklərə (məsələn, mamont, daş, ağac və cəsədlərinin altına) quraşdırılmış adi loglar və oval əşyalarla əvəz olundu. Bu texnologiyanın işləmə prinsipi sadə idi: obyekti qısa bir məsafəyə köçürdükdən sonra növbəti rulon qabağa yerləşdirildi. Nəticədə obyekt yavaş-yavaş hərəkət etdi,  sonra isə insanlar daha böyük bir taxta platformanın kənarları boyunca iki logun birləşdirilməsini nəzərdə tutan yeni bir nəqliyyat vasitəsi icad etdilər. Təəssüf ki, ixtira bir çox çatışmazlıqlar və zəif daşınma müqaviməti səbəbindən özünü doğrultmadı. Əsrlər boyu təkərin konstruksiyası  beləcə dəyişməyə başladı.

1500 ildən sonra isə təkərin həyatında daha bir dəyişiklik oldu. İnsanlar malların daha sürətli daşınması və istehlak materialına qənaət etmək üçün effektiv bir cihaz yaratmaq zərurəti ilə qarşılaşdılar. Nəticədə dişli təkərlər meydana çıxdı. Alimlər qədim Misirin döyüş arabalarının vətəni olduğuna inanırlar, lakin taxta məmulatın modernləşdirilmiş variantı Yunanıstanda da tapılıb.

İlk dəfə  icad edilmiş  oxa bərkidilən yumru dairə, yəni müasir təkərin "ulu babası" qədim şumerlərə də aid edilir.  Bu cür təkərlərin mövcudluğu çaylararası şəhər olan qədim şumer şəhəri Urukda aşkarlanmışdır. Belə ki, ilk dəfə eramızdan qabaq 2700 il əvvələ aid olan araba rəsmlərinə bu şəhərdə təsadüf edilir. Bu cür şəkillərdən başqa, alimlərin apardıqları arxeoloji qazıntılar zamanı aşkarladıqları qəbirlərdə də bununla bağlı dəlillər tapılmışdır. Belə ki, bir sıra belə qəbirlərdə insan sümüklərinin yanında təkər qalıqlarına da rast gəlinir. Məlum olduğu kimi, qədim şumerlər başçıları vəfat etdikdə onları bəzi əşyaları və gəzdikləri təkərli arabaları ilə birlikdə dəfn edirdilər. Onlarda belə təsəvvürlər var idi ki, rəhbərlərinin getdikləri dünyada bu miniklər mütləq onlara lazım olacaq. Məlumat üçün qeyd edək ki, bu cür qədim qəbirlərə Kişdə, Urredə və digər ərazilərdə də təsadüf edilib.

Öz konstruksiyasına görə son dərəcə primitiv olan qədim təkərlərin istifadəsi bir çox çətinliklər yaradırdı. Bu təkərlər ağır, irihəcmli olmaqla yanaşı,  keyfiyyətsiz idilər. Get-gedə onlar da təkamül edərək  təkmilləşməyə məruz qaldılar. Eramızdan 2 min il əvvələ aidliyi ehtimal olunan minlərlə düzəldilmiş təkərlər meydana gəldi. Bu təkərlərin yaranması artıq böyük nailiyyət hesab oluna bilərdi, çünki onlar həm yüngül,  həm də daha münasib idi. Metalın məişətə daxil olmasından sonra isə  bir sıra metal alətlərlə yanaşı, təkərlərin də yavaş-yavaş metallaşması prosesi başladı. Bu da təkərlərin uzunömürlü, davamlı, daha səliqəli olmasına şərait yaratdı. Çünki taxta və ya ağac təkərlər tez korlanır, səthi deformasiyaya uğrayırdı. Metal çevrəli təkərlər isə daha münasib idi və insanlıq uzun əsrlər məhz bu təkərlərin üzərində məişətini sürdürdü. Maraqlı bir məlumatı da qeyd edək ki, Rusiya ərazisində Vladimirovsk vilayətində arxeoloji qazıntılar zamanı tapılmış, yaşı 25 min il hesablanan təkər elə bir "model"li olub ki, onun harada, nədə istifadə edildiyini təyin etmək mümkün deyil.

Hətta ondan  daha əvvəl daşınma məqsədilə  deyil, dulus çarxı kimi  istifadə edildiyinə dair faktlar da var. Speiser və Gawrada adlı iki arxeoloq tərəfindən  üzərində təkərli dirək təsvir edilən  eramızdan 3500 il əvvələ aid Şumer piktoqramı təkərin tarixi ilə bağlı çaşqınlıqlar yaradır.  İngilis tədqiqatçısı Wolley isə tam olaraq nə üçün istifadə edildiyini çözə bilməsə də,  eramızdan 2950 il əvvələ aid çarx tapmışdır. Bütün bunlarla yanaşı, təkərin ilk dəfə Şimali Qafqaz, Mərkəzi Avropada istifadə olunduğu barədə düşünənlər də var. İlkin vətəni haqqında hələ də fikir ayrılıqları olan  təkərin tarixi qədim Çinə qədər gedib çıxır.

Ən erkən ixtiralardan biri hesab olunmasına baxmayaraq, təkərin əslində kənd təsərrüfatı, qayıq, tekstil və dulusçuluğun ixtirasından sonra meydana gəldiyi düşünülür. Lakin onun eramızdan təxminən  3500 il əvvəl  icad edildiyinə dair fikirlər daha çox üstünlük təşkil edir.  Bəzi tədqiqatçıların fikrincə, mərkəz hissəsində  ox üçün bir dəliyi olan  ağacdan hazırlanmış  ən qədim təkər Neolit dövrü ilə Tunc dövrü arasındakı keçidə təsadüf edir. Təkərin ağac kötüklərinin yuvarlanmasından ilhamlanaraq kəşf edildiyi düşünülsə də, onun ilkin olaraq üç nöqtədən yerlə təmas etdirən bir mexanizmə malik olduğu bilinir. Qərbdə  arxeoloji qazıntılar zamanı   tapılan təkər qalıqları  onların daşdan dizayn edilməsi faktını da ortaya qoyur. Bundan əlavə,  Qərbdə təkərdən istifadənin iri və xırdabuynuzlu heyvanların əhilləşdirilməsindən sonraya təsadüf etdiyi güman edilir.

Şumerlərin istifadə etdiyi ikitəkərli arabalar isə zaman keçdikcə dördtəkərli arabalara çevrilmiş və kəndir vasitəsilə atlara bağlanaraq istifadə olunmuşdur.  Arxeoloji dəlillər  təkərin icadından sonra şumerlərin bir cüt əyri uclu kirşəyə quraşdırılmış düz  bir altlıqdan ibarət xizək icad etdiklərini də göstərir. Bu xizəklərdən isə düz  bir ərazidə  yüklərin daşınmasında  istifadə edilirdi. Bir müddət sonra isə onlar təkəri bu mexanizmə birləşdirərək daha yüksək texnologiyaya nail olublar.

Təkərin ixtirası ilə təkcə nəqliyyat sistemində  deyil,   həm də kənd təsərrüfatında da istifadə olunan maşınların əsası qoyuldu. Qədim şumerlilərə aid xarabalıqlarda tapılan oxla birləşdirilmiş ikitəkərli əkinçilik aləti bu texnologiyanın o dövrdə əkinçiliyin inkişafında da böyük sıçrayış yaratdığını göstərir.

Təkərli sistemlər kənd təsərrüfatının vazkeçilməz hissəsi olmaqla yanaşı,  get-gedə formalaşaraq müasir maşınlara çevrilmişdir.

Bundan əlavə,  kənd təsərrüfatında təkərdən istifadə  insan və təbiət münasibətlərinə də təsir edərək, bəşəriyyətin təbiətlə təmasına daha da  zəmin yaratmış və insanlar arasında ilk  sinifləşmənin əsasını qoymuşdur.

Qədim dövrlərdə ağac gövdələrinin yuvarlanması nəticəsində kəşf edilən təkər illər keçdikcə inkişaf edərək müxtəlif funksiyaları ilə bu gün daha da müasirləşib. İstifadə sahəsinə görə ilk növbədə yüklərin daşınması üçün nəzərdə tutulmuş təkər texnologiyanın inkişafı ilə döyüş maşını və nəqliyyat vasitəsi kimi uzaq məsafələri qət etmək üçün istifadə olunur.

Hər hansı bir mədəniyyətə aid edilə bilməyən təkərin icadı müharibələrin gedişatına da  böyük təsir göstərdi.  İkitəkərli arabanın icadından  təxminən min il sonra tuncdan hazırlanmış döyüş arabaları müharibələrin gedişatını dəyişdi. Bu arabalar həm döyüşçülərə  sürət, zaman qazandırmış,  həm də onlara maddi-texniki dəstək verməklə, yüklərin daşınmasında böyük rol oynayırdı.

Bu gün demək olar ki, bütün nəqliyyat sistemləri təkər texnologiyasından istifadə edir. Heyvan gücünü motor və elektrik enerjisi ilə əvəz edən çarx dövrün ehtiyacları üzərində özünü yeniləyərək yoluna davam edir.

Bir sözlə, təkərin ixtirası bəşəriyyətin əldə etdiyi  ən mühüm ixtiraların təməlində gəlir. Bu ixtira zaman keçdikcə  təkmilləşərək təkcə yaşadığı dövrə deyil,  sonrakı dövrlərə də təsir edərək sivilizasiyanın inkişafına  yol açdı. Bəşəriyyətin yükünü öz üzərinə götürərək insanların həyatını, yaşamını asanlaşdırdı. Belə demək mümkünsə, insanlıq bugünkü inkişaf mərhələsinə zərrə-zərrə irəliləyib və irəliləməkdə də davam edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".