Bəşəriyyət tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 30 il ötür
Tarix

Bəşəriyyət tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 30 il ötür

Erməni millətçiləri son iki əsrə yaxın müddətdə dövlət səviyyəsində mifik "böyük Ermənistan" dövləti yaratmaq ideyasını həyata keçirmək məqsədilə tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında erməni şovinistləri SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edib dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürüb, Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını bir neçə günün içərisində kütləvi şəkildə deportasiyaya məruz qoyublar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyi Səadət Sarayının (Bakı nikah evinin) müdiri, baş ədliyyə müşaviri İradə İsgƏndƏrovanın "Bəşəriyyət tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 30 il ötür" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini işğal etməyə başladılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək bir gecənin içində onu yerlə-yeksan ediblər. Bu qanlı hadisə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın və 70-i qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.

XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Xocalıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı.

Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzünün miqyasını daha da genişləndirib və torpaqlarımızın 20 faizini işğal edib, bir milyona yaxın azərbaycanlını doğma ev-eşiyindən didərgin salaraq qaçqın və məcburi köçkünə çevirib.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının və ona əlavə Protokollarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın və digər beynəlxalq-hüquq müqavilələri ciddi şəkildə pozulmasıdır.

Xocalı soyqırımı haqqında ətraflı təfsilatı araşdırmalar yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra aparılıb və eyni zamanda, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin olan məlumatlar çatdırılıb. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin həm də bir soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə əsl həqiqətlərin dünyaya çatdırılması məhz Ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını bir çox ölkələr parlament səviyyəsində qətliam kimi tanıdıqlarını elan ediblər.

Dövlətimiz tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər xüsusi vurğulanmalıdır.

Bu kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyəti, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqları zorla ələ keçirmək idi.

Ermənistanın bölgədə apardığı təcavüzkar siyasətin nəticəsi olaraq 30 ilə yaxın Cənubi Qafqazda silahlı münaqişə və qanlı toqquşmalar davam edib.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan - Azərbaycan arasında olan münaqişə beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun tarixi Qələbəsi ilə həllini tapdı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını müəyyənləşdirdi.

44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan xalqı milli maraqlarını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycan tarixinin şərəfli səhifəsinin, yeni qəhrəmanlıq salnaməsinin müəllifi oldu. Bu Qələbə ilə Xocalı şəhidlərinin ruhları təsəlli tapdı. Soyqırımı qurbanlarının qanı yerdə qalmadı, döyüş meydanında Rəşadətli Azərbaycan Ordusu tərəfindən onların qisası alındı.

 Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının qurbanları böyük izdihamla yad edilir. Bununla əlaqədar olaraq, dövlətimizin başçısı İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 2022-ci il yanvarın 28-də imzaladığı Sərəncamı ilə tədbirlər planının hazırlanılıb həyata keçirilməsi tapşırılıb. Sərəncamda, həmçinin qeyd edilib ki, Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Dövlətimizin başçısı tərəfindən imzalanan Sərəncamda Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını alacaqları da əksini tapıb.

Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivil dünya tərəfindən daim yad edilməklə mühakimə edilməlidir.

AZƏRTAC