BƏŞƏRİ CİNAYƏT
Tarix

BƏŞƏRİ CİNAYƏT

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan ərazilərinə ermənilərin kütləvi köçürülmə prosesinə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra başlanılmış və zaman keçdikcə onlar öz dövlətlərini yaratmaq iddialarına düşmüşlər. Öz məqsədlərinə çatmaq üçün isə bu istiqamətdə məkrli siyasət yeritmiş və zaman-zaman azərbaycanlılara qarşı soyqırımları, qətliamlar törədərək qəsbkarlıqlarını bütün dünyaya nümayiş etdirmişlər. 1992-ci ildən erməni silahlı birləşmələrinin azərbaycanlıların qədim yurd yerlərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişlənmiş və respublikamızın bir neçə rayonu bir-birinin ardınca işğal olunmuşdur. Təkcə 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı ermənilərin vəhşi, barbar xalq olduğunu sübut etmək üçün yetərlidir.

Əslində, erməni silahlı dəstələri 1991-ci ilin payızından Xocalını mühasirəyə alaraq hər gün toplardan, ağır texnikalardan atəşə tutur, dinc əhali erməni yaraqlılarının həmlələrinə məruz qalırdı. Şəhər ancaq yerli əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Əhalinin bir hissəsi şəhəri tərk etsə də, bir hissəsi evakuasiya olunmamışdı. Fevralın 25-də axşam Xocalıya hücum başlamış, şəhərdən çıxa bilməyən əhali ermənilər tərəfindən törədilmiş qanlı qırğının, terrorizmin, etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuşdular.

Həmin gecə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmiş, bu qanlı faciədə xeyli sayda azərbaycanlı məhv edilmiş, əsir düşmüşdü. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən dəhşətli cinayətlərdən biri idi. Ermənilərin həyata keçirdikləri Xocalı soyqırımı insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktlara məhəl qoyulmamasının təzahürü idi. Eyni zamanda, o vaxtkı ölkə rəhbərliyi də ərazi bütövlüyümüzü, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilməmişdi.

Xocalı faciəsindən 30 il ötür. Qəsbkar Ermənistanın silahlı qüvvələri 1991-ci il dekabrın 15-də Cəmilli, dekabrın 24-də Meşəli, dekabrın 28-də Kərkicahan, 1992-ci il yanvarın 18-19-da Nəbilər, fevralın 12-nə keçən gecə Malıbəyli və Quşçular kəndlərini yandırıb külə döndərdilər, dinc sakinləri isə qətlə yetirdilər. Fevralın 25-dən 26-na keçən gecə isə əsrin ən böyük faciəsi - Xocalı soyqırımı baş verdi. Bu soyqırımı Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost faciələri ilə eyni sırada durur. Azərbaycan xalqına qarşı törədilmiş misli görünməyən bu qanlı soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasətinin ən qanlı səhifəsidir. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Dağlıq Qarabağdakı hadisələr müstəqilliyimizin əleyhinə yönəlmişdi və Xocalı soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, xalqımızın müstəqillik mübarizəsinin qarşısının alınması üçün hazırlanmış ssenari olsa da, bu ssenarinin həyata keçirilməsində alət rolunu oynayan ermənilər planı soyqırımı kimi həyata keçirdilər.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdü. Xocalının kurqanları və digər abidələri, müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı da zorakılıq aktıdır.

Xocalı faciəsi XX əsr tariximizin ən dəhşətli, ən acınacaqlı səhifəsidir. Bu faciə beynəlxalq cinayət olaraq Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir. Dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Bununla yanaşı, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

Rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi 44 günün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı.

Azərbaycan Prezidenti deyib: "Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq".

Azərbaycan Prezidenti bildirmişdir ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

İlhamə ƏSGƏROVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi.