Bərpaolunan enerji potensialı ölkəmizin  bu sahədə də həlledici rol oynamasına imkan verir
İQTİSADİYYAT

Bərpaolunan enerji potensialı ölkəmizin  bu sahədə də həlledici rol oynamasına imkan verir

Azərbaycanın müxtəlif enerji mənbələri ilə zəngin olması onu dünya enerji bazarında lider dövlətlərdən birinə çevirib. Təsadüfi deyil ki, müstəqilliyimiz bərpa edildikdən sonra Avropanın, eləcə də dünyanın enerji hasilatçısı olan ölkəmizdə neft və qaz ixracı ilə yanaşı, yenilənə bilən enerji mənbələrinin də tranziti çərçivəsində mühüm layihələr planlaşdırılır və həyata keçirilir. Bu da öz növbəsində regionun lider dövləti olan Azərbaycanın Avropanın enerji təminatındakı rolunu daha da artırır.

Enerji ixracının artırılması çərçivəsində xarici ölkələrin enerji şirkətləri ilə reallaşdırılan layihələr bu istiqamətdə geniş fəaliyyətin göstəricisi hesab olunur. XX əsrin sonlarından başlayan enerji layihələrinin qonşu dövlətlərlə birgə həyata keçirilməsi Avropanın birbaşa enerji təminatçısı olan Azərbaycanın uğurlu xarici siyasətinin təcəssümüdür. Həyata keçirilən layihələr neft və qaz ixracının fonunda iqtisadiyyatımızda önəmli rol oynayır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsindən sonra təbii qaz ehtiyatlarının da Avropa bazarına çıxarılması iqtisadi prestij baxımından dövlətimizin mövqeyini daha da möhkəmləndirir. Belə ki, 2011-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamənin imzalanması təbii qaz ehtiyatı baxımından zəngin olan ölkəmiz ilə Avropa arasında həyata keçirilən əməkdaşlıq əlaqələrində önəmli addım hesab olunur. Cənub Qaz Dəhlizi layihəsinin əsas elementləri "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi və Trans-Adriatik Boru Kəməri (TAP) layihəsidir. Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. "Şahdəniz" layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan "Şahdəniz Mərhələ 2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz edərək enerji təhlükəsizliyini təmin edəcək.

Cənub Qaz Dəhlizinin əsas qollarını "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri təşkil edir. TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posof), Avropaya çıxış nöqtəsi isə Türkiyə-Yunanıstan sərhədi (Ədirnə-İpsala) boru kəməri olan TANAP Avropaya təbii qazı ötürən TAP kəmərinə qoşulur. Dəhliz, eyni zamanda 7 hökuməti və 11 şirkəti özündə əhatə edən çoxyönlü layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən mühüm təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Şübhəsiz ki, bu gün Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatlarını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir. TANAP dövlətimizin Avropa ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü və Avropa İttifaqının yeni qaz tədarükçüsünə çevirir. Gələcəkdə Azərbaycanın digər qaz yataqlarından əldə ediləcək qaz ehtiyatı ilə Cənub-Şərqi Avropa ölkələri üçün əhəmiyyətli qaz ixracatçısı olacağı şübhə doğurmur.

TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. TANAP daxil olmaqla bütövlükdə Cənub Qaz Dəhlizinin reallaşmasının ölkə başçımızın siyasi iradəsi nəticəsində mümkün olduğu sirr deyil. Cənab Prezidentin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşmasında xərclər böyük olduğu üçün ciddi maliyyələşmə məsələləri var idi. Bütün bunlara baxmayaraq, ölkəmizin başlıca rolu hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Şübhəsiz ki, Azərbaycanın dəstəyi və ölkəmizə göstərilən etibar olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması sadəcə layihə planından ibarət olacaqdı. Öz növbəsində layihə Azərbaycanın onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış bu layihədən faydalana biləcək və öz enerji təhlükəsizliyini və təminatını formalaşdırmış olacaq.

Neft və qaz ixracının əsas götürüldüyü enerji tranzitində artıq yeni dövrün - "yaşıl enerji" dövrünün başlanması bu çərçivədə də əhəmiyyətli addımların atılmasını zəruri edir. Bu isə o deməkdir ki, artıq tükənə bilən enerji ehtiyatlarının ixracından əlavə, yenilənə bilən enerjinin də ixracatçısı və Avropa bazarına çıxarılmasının təminatçısı məhz Azərbaycan olacaq. Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimində dünyada enerji sahəsində yeni reallığın yaranmasının ardından Azərbaycanın bu xətt üzrə verə biləcəyi töhfələr, habelə digər ölkələrin bu layihədəki rolunun müzakirə olunması bunu bir daha təsdiq etdi. Bu isə öz növbəsində Azərbaycanın gələcəkdə də aparıcı enerji təminatçısı olmasını göstərir. Əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar isə davam edir. Belə ki, Şərqi Zəngəzurun yenilənə bilən enerjinin Avropaya ixracındakı önəmli rolu Azərbaycanı diqqət mərkəzinə çevirmişdir.

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirildi. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların iştirakı gələcəkdə "yaşıl enerji"nin ixracı, təhlükəsizliyi və istifadəsi üçün önəmlidir.

Ölkə başçımızın da qeyd etdiyi kimi: "Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq".

Nurlan ABDALOV,

"Respublika".