Bərpaolunan enerji istehsalı üzrə layihələrin reallaşdırılması yeni ixrac marşrutları yaradacaq
İQTİSADİYYAT

Bərpaolunan enerji istehsalı üzrə layihələrin reallaşdırılması yeni ixrac marşrutları yaradacaq

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı reallıqlarla regionun iqtisadi-siyasi mənzərəsini dəyişən Azərbaycan irimiqyaslı beynəlxalq layihələrin həm təşəbbüskarı, həm də icraçısı kimi dünyada böyük nüfuz qazanıb. Sahib olduğu təbii sərvətləri, iqtisadi potensialı hesabına gücünü, qüdrətini artıran müstəqil dövlətimiz dünya ölkələri ilə bütün istiqamətlər üzrə əməkdaşlıq edir, ikitərəfli və çoxtərəfli formatda əlaqələrini şaxələndirir.

Vaxtilə neft ölkəsi kimi tanınan və nəhəng neft layihələrinin reallaşmasında yaxından iştirak edən Azərbaycan bu gün həyata keçirdiyi geniş islahatlar nəticəsində Avropanın enerji xəritəsini demək olar ki, tamamilə dəyişib. Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə Avropaya təbii qaz ixrac edən ölkəmiz uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələri quraraq enerji dialoqu həyata keçirir. Zəngin təbii enerji resurslarına sahib olan ölkəmiz enerji təhlükəsizliyi sahəsində dünya ölkələri arasında vacib aktor kimi çıxış edir. Bu mənada, bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan Azərbaycan böyük enerji layihələrinin reallaşmasında əsas söz sahiblərindəndir.

Azərbaycanın məqsədyönlü şəkildə və uğurla həyata keçirdiyi enerji diplomatiyası, bunun fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu kifayət qədər böyük enerji ehtiyatlarına sahib ölkəmizin iştirakı olmadan Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşması mümkünsüz görünür. Ölkə başçımızın ötən il avqust ayının 31-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı bunu bir daha təsdiq edir.

Bu gün Azərbaycan dünya ölkələri üçün neft və qaz hasilatçısı kimi etibarlı tərəfdaş olmaqla bərabər, həm də bərpaolunan enerji mənbələrinə malik ölkə kimi də diqqəti cəlb edir. Elektrik enerjisinin ixracında da böyük potensiala sahib olan ölkəmiz bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli addımlar atır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, təkcə işğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qiqavatdır. Bu isə respublikamızda mövcud bərpaolunan enerji hesabına qaz ixracının artırılmasına, Azərbaycanın Avropanı qazla təmin etməsinə əlverişli imkanlar yaratmaqla yanaşı, həmçinin neft, qaz, bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələləri əhatə edən enerji dialoqunun həyata keçirilməsinə imkan verir. Bu barədə ölkə başçımız İlham Əliyev ötən il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı demişdir: "Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq".

Ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu baxımdan, alternativ enerji mənbələrində böyük potensiala sahib olan ölkəmiz dünyanın enerji təhlükəsizliyini balanslaşdırmağa yönəlmiş əhəmiyyətli addımlar atır.

İkinci Qarabağ müharibəsində işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan səmərəli istifadə etmək üçün bu sahəyə xarici ölkələrin şirkətləri böyük həcmdə investisiya yatırırlar. Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşası aparılan, istehsal gücü 240 MVt olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyasıdır. Bu stansiya ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla bərabər, həmçinin təbii qaza qənaət edilməsi, ətraf mühitə mənfi təsirlərin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, ötən il yanvar ayının 13-də Gülüstan sarayında "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir.

2022-ci il mart ayının 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə 230 meqavat gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulmuşdur. Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti tərəfindən reallaşdırılan bu layihənin ümumi dəyəri 200 milyon ABŞ dollarıdır. Stansiyada illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq ki, bu da 110 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunda isə BP şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən günəş elektrik stansiyasının tikintisi yekunlaşmaq üzrədir. Bu stansiyanın da enerji istehsalı potensialı 240 meqavata bərabər olacaq. İllik, təxminən 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan "Şəfəq" günəş elektrik stansiyasının yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət yürüdən Azərbaycan dünya ölkələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməklə respublikanın bütün sahələr üzrə dinamik inkişafına möhkəm zəmin yaradır. Etibarlı tərəfdaş statusu qazanmış, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli və milli maraqlara uyğun şəkildə istifadə olunması, bu məqsədlə günəş, eləcə də külək stansiyalarının yaradılması istiqamətində mühüm işlər görülür. Bərpaolunan enerji istehsalı üzrə yeni layihələrin reallaşdırılması isə sözsüz ki, yeni ixrac marşrutları yaradacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".