Bərdədə Zəfər bayramı ilə bağlı tədbirlər davam etdirilir
Region

Bərdədə Zəfər bayramı ilə bağlı tədbirlər davam etdirilir

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  Bərdə rayon şöbəsi  rayon icra hakimiyyəti ilə birlikdə “Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir!” adlı  tədbir keçirmişdir.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunmuş, önünə tər güllər düzülərək onların xatirəsi ehtiramla yad edilmişdir.

Tədbirdə Vətən müharibəsi iştirakçıları şəhid ailələri, qazilər və rayon icra hakimiyyətinin, ARSHXÇDX Bərdə rayon şöbəsinin, YAP rayon təşkilatının, rayon Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları,  3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.

Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, ADSHXÇDX rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elbrus Bağırov, rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Samir Səfərov çıxış etmiş, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında rəşadətli Milli Ordumuzun şücaətindən, xalq-iqtidar, birliyindən danışmışlar. Şəhid Hüseynzadə Elməddin Fərman oğlunun anası Arzu xanım, şəhid Qəribzadə Fəxri Elmir oğlunun bacısı Türkanə xanım, şəhid Hüseynov Adil Namiq oğlunun atası Namiq Hüseynov, qazilərdən”Qarabağ” ordenli Dursun Manaflı çıxış edərək Vətən müharibəsi  şəhidlərinə, qazilərə, iştirakçılara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
Tədbirdə möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş medallar şəhidlərin yaxınlarına, qazilərə, müharibə iştirakçılarına təntənəli şəkildə təqdim edilmişdir.

Sonda şəhər 3 saylı tam orta məktəbin şagirdləri  Zəfər motivli kompozisiya təqdim etmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.