Bərdədə yeni məktəb binası istifadəyə verilib
Region

Bərdədə yeni məktəb binası istifadəyə verilib

Yeni dərs ilində Bərdə şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 29-da Bərdə şəhər 3 saylı məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib.

Heydər Əliyev Fondunun hesabına tikilmiş 1200 şagird yerlik Bərdə şəhər 3 saylı tam orta məktəbin yeni binasının açılışında rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun təhsil və hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak ediblər.

Açılış zamanı rayon rəhbəri Vidadi İsayev, Ağsaqqallar Şurasının üzvü Rzaqulu Şərifov, Bərdə şəhər 3 saylı tam orta məktəbin valideyn komitəsinin sədri Kamil Hacıyev, məktəbin tarix müəllimi Elnarə Cəfərova çıxış edərək ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən islahatlardan  danışmış, valideynləri, məktəbin müəllim və şagird kollektivini təbrik  etmiş, onlara uğurlar arzulamışlar.

Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı ilbəil artır. Təkcə bu il məzunlardan 1 nəfər qızıl medalla, 24 nəfər fərqlənmə attestatı ilə məktəbi bitirmişdir. 848 nəfər   ali məktəblərə qəbul üçün sənəd verən məzunlardan 491 nəfəri  və ya ümumi müraciət edənlərin 57,9 faizi tələbə adını qazanıb. 13 nəfər 600-dən yuxarı, 67 nəfər 500-dən yuxarı bal toplayıb.        

Bərdə şəhər 3 saylı tam orta məktəbin də uğurları böyükdür. 2020-21-ci tədris ilində məktəbin XI sinfini bitirmiş 35 nəfər məzundan  qəbul imtanahlarında 2 nəfər 600-dən yuxarı bal toplamış, 26 nəfər ali, 9 nəfər orta-ixtisas müəssisələrinin tələbəsi adını qazanmışdır. 

Heydər Əliyev Fondu hesabına tikilən məktəbin yeni binasının  ərazisi 1,09 ha təşkil edir. Bina sahəsi 3646,3 kvadratmetr olan 4 mərtəbəli 4 korpusdan, 2800 kvadratmetr  sahəsi olan texniki zirzəmidən ibarətdir. Bina müasir tikinti norma və qaydalarına uyğun, 9 ballıq zəlzələyə davamlı inşa edilmişdir.  Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana tikilib, məktəbin binası daimi isti və soyuq su, elektrik və istilik sistemləri ilə təmin edilir. Binanın daxilində və ərazidə videomüşahidə kameraları qurulub. Ərazidə yanğın təhlükəsizlik sistemləri və təxliyyə pilləkənləri quraşdırılıb.    4 mərtəbəli məktəb binasında 43 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları,  informatika otağı, hərbi təlim otağı, tibb otağı, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. 

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, döşəmə daşları düzülüb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Məktəbin yeni binasının açılışında çıxış edənlər, məktəbin pedaqoji kollektivinin nümayəndələri, şagirdlər, valideynlər dövlətimizin başçısına, Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini bildiriblər.

Sonra tədbir iştirakçıları məktəbdə  yaradılan şəraitlə tanış olublar.

Vəli VƏLİYEV,

“Respublika”.