Bələdiyyə sədrinin və mühasibinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Bələdiyyə sədrinin və mühasibinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Zaqatala rayon Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Zaqatala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib olunmasını təmin edərək, imzalayıb təsdiqləməklə bələdiyyə mülkiyyətində olan torpaqları ayrı-ayrı şəxslərə satmasına və ya icarəyə verməsinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədilə rəsmi sənəd hesab olunan məxaric xəzinə orderini tərtib edərək imzalamaqla sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etməsinə şübhələr üçün əsaslar müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Pərinaz Məmmədli isə 313-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

AZƏRTAC