Belarusda keçirilmiş beynəlxalq elmi-praktik konfransda Baş Prokurorluğun nümayəndə heyəti iştirak edib
Digər xəbərlər

Belarusda keçirilmiş beynəlxalq elmi-praktik konfransda Baş Prokurorluğun nümayəndə heyəti iştirak edib

 

Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Belarus Respublikası İstintaq komitəsinin dəvətinə əsasən qurumun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Teymur Qarayev iyunun 23-də Minsk şəhərində "İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə" mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Belarus milli kitabxanasında keçirilən tədbirdə yerli dövlət, məhkəmə və hüquq-mühafizə orqanlarının, ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin, habelə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Konfransı Belarus Respublikası İstintaq komitəsinin sədri Dmitriy Qora açıb, daha sonra konfransa dəvət olunmuş Rusiya Federasiyasının İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin, Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibinin müavini Aleksandr Raxmanov və digər vəzifəli şəxslər təbrik nitqi ilə çıxış ediblər.

Konfrans iştirakçıları öz məruzələrində istintaq və təhsil sahələrində tətbiq edilən yeni üsul, metod və texnologiyalar barədə geniş məlumatlar verib, qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürüblər. Digər natiqlərlə yanaşı, Talıb Cəfərovun rus dilində "İbtidai istintaq kadrlarının peşə hazırlığında situasiya təhlili metodu (case study)" adlı məruzəsi konfrans materiallarında dərc edilərək, Mərkəzin fəaliyyətinin təqdimatı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilib. Tədbir başa çatdıqdan sonra səslənilmiş fikirlər ətrafında konfrans iştirakçıları tərəfindən müzakirələr aparılıb, tədbirin ümumi nəticələri qiymətləndirilib.

"Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq komitəsinin "İxtisasartırma və yenidən hazırlıq institutu" təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında" imzalanmış Memoranduma əsasən Baş Prokurorluğun nümayəndə heyəti iyunun 24-də İstintaq komitəsinin institutunun funksional təyinatı, imkanları və texniki təchizatı ilə tanış olub, tərəflər arasında təcrübə mübadiləsi aparılaraq tədris prosesində tətbiq olunan yeniliklər diqqətə çatdırılıb, xatirə suvenirləri və bu qurumlar tərəfindən hazırlanmış yeni kitablar mübadilə edilib.

Mədəni tədbirlər çərçivəsində Belarus milli kitabxanası ilə tanış olunaraq, səfər iştirakçıları üçün Qədim kitablar qalereyasına və Böyük Vətən müharibəsinin tarix muzeyinə ekskursiya təşkil edilib. Səfərin yekununda qərara alınıb ki, bir sıra aktual mövzular üzrə birgə tədris tədbirlərinin təşkili istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilsin.

AZƏRTAC