BƏDNAM QONŞUMUZ HƏR ZAMAN OLDUĞU KİMİ XƏYANƏTKAR SİMASINI GİZLƏDƏ BİLMİR
Siyasət

BƏDNAM QONŞUMUZ HƏR ZAMAN OLDUĞU KİMİ XƏYANƏTKAR SİMASINI GİZLƏDƏ BİLMİR

Son dövrdə Ermənistanda anti-Rusiya çıxışlar daha da kəskinləşib

Azərbaycanla sərhəddə axırıncı hərbi provokasiyaya əl atmış bədnam Ermənistan Rusiyanın başçılıq etdiyi KTMT-yə yardım üçün müraciət etsə də, qurum yalnız sərhədə missiya göndərməklə kifayətləndi. KTMT-nin rəsmi İrəvanın hərbi yardımla bağlı müraciətini cavabsız qoyması bu ölkədə etiraz aksiyalarına səbəb oldu. Etirazçılar öz hökumətlərindən həmin təşkilatdan çıxmasını tələb edirlər. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən və ermənilərə verdiyi "vəd"lərdən sonra erməni hakimiyyəti və cəmiyyəti Rusiyadan üz döndərərək qərbə istiqamətləndi. Bu dəfə ermənilər bunu açıq-aşkar formada, öz xislətlərinə və həyasızlıqlarına uyğun bir şəkildə etməyə başlayıblar.

Ümumiyyətlə, Ermənistanda anti-Rusiya meyilləri həmişə mövcud olub. Bunu hətta Sovet İttifaqının mövcudluğu illərinə də aid etmək olar. Müstəqillikdən sonrakı dövrlərdə ilk 3 prezident öz təəssübkeşliyi ilə bu meyillərin qabarmasına imkan verməməyə çalışırdı. Ancaq Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu ölkədə Rusiyaya qarşı çıxışlar vüsət almağa başladı. Bunun da bir neçə səbəbi var.

Məlum olduğu kimi, Paşinyan məhz Qərb dairələrinin, daha dəqiq desək, sorosçuların yardımı ilə hakimiyyətə gəlib və onu bu vəzifəyə gətirənlərə Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə tərəf sürükləyəcəyinə söz verib. O, bu missiyanı davam etdirir və fürsət tapan kimi Qərbə meyilli addımlar atır.

Rusiyanın 44 günlük Vətən müharibəsində neytrallığını saxlaması və Azərbaycanla Ermənistan arasındakı münaqişəyə fəal müdaxilə etməməsi ermənilərdə şimal qonşularına qarşı qəzəb və nifrəti pik həddə çatdırıb. Onlar hələ də hesab edirlər ki, Rusiya onların əvəzinə vuruşmalı idi.

İndiki şəraitdə Rusiyanın mövqeyi regionda gedən proseslərlə bağlı Azərbaycan və Türkiyənin mövqeyi ilə daha yaxındır, nəinki, Ermənistanın. Bu da, öz növbəsində, müəyyən qıcıq yaradır.

Biz yaxşı bilirik ki, ermənilər ümumiyyətlə dəyişkən, etibarsız, yalançı və şovinist ünsürlər əksəriyyət təşkil edən toplumdur. Onlar buqələmun kimi situasiyadan asılı olaraq mövqelərini dəyişməyi çox yaxşı bacarırlar.

Bu gün də Rusiyaya qarşı getməklə ermənilər ABŞ-la intensiv şəkildə fəaliyyət göstərirlər. Əlbəttə ki, sorosçuların Ermənistanda əsas adamı Nikol Paşinyandır. Bu ölkədə olan anti-Rusiya mitinqləri, hansılar ki, siyasətdəki ayrı-ayrı müxalif partiyalar tərəfindən həyata keçirilir, birbaşa olaraq Paşinyanın ofisi tərəfindən idarə olunur. Onların başlıca məqsədi ictimai nüfuz baxımından Rusiyanın vəziyyətini daha da pisləşdirməkdir. Bu, Qərbin bəzi qrupları ilə Nikol Paşinyan və ətrafındakılar arasında iş birliyinin nəticəsidir.

Rusiya və Ermənistan arasında son dövrlərdə münasibətlərin getdikcə daha gərgin mərhələyə qədəm qoyması müşahidə edilir. Xüsusən də, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyəti İrəvanın narazılığına səbəb olub.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə avqustdakı iddialarına dərhal münasibət bildirib. Nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bu barədə sualı cavablandırıb: "Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub". Ümumiyyətlə, Ermənistanda Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müzakirələr intensivləşib. Erməni hüquq müdafiəçisi, ekspert Arbak Xaçaturyan hesab edir ki, Ermənistan artıq kəskin bəyanatla çıxış etməlidir: "Ermənistan Rusiyaya deməlidir ki, təhlükəsizliyi təmin etmirsənsə, çıx get. Ancaq problemin daha qlobal nəzərdən keçirilməsinə ehtiyac var. İstənilən zəif dövlət günahı başqasının boynuna atır. Sizin qohumunuz, ailə üzvləriniz olsa belə zəif, satqın və quldurdursa, ona heç vaxt etibar etməyəcəksiniz". Ekspert qeyd edib ki, Ermənistan ölkədə normal ordu qurmasa, öz təhlükəsizliyini təmin etmək istəməsə, heç bir beynəlxalq sülhməramlı qüvvə onun yerinə bunu etməyəcək.

Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan da rus sülhməramlı qüvvələrinə qarşı çıxanlar sırasındadır. Onun sözlərinə görə, Ermənistanın strateji müttəfiqi Rusiyanın addımlarını araşdırmaq hüququ var, çünki müttəfiq olmaq maraqların qarşılıqlı hörməti deməkdir. O qeyd edib ki, Rusiyanın davranışı təəccüblü deyil: "Bundan sonra siyasi fəaliyyət göstərmək istəyən hər hansı qüvvənin vəzifəsi Ermənistanda "müttəfiq" Rusiyanın hərəkətlərinə qiymət vermək olmalıdır. Əgər Ermənistanda hər hansı siyasi qüvvə müasir Rusiyanın və Moskva siyasi elitasının hərəkətlərini adekvat qiymətləndirmək, suallar yaratmaq, onların davranışlarını araşdırmaq iqtidarındadırsa, həmin qüvvə Ermənistanın mənafeyindən, Ermənistanın adından çıxış etmək hüququna malikdir".

Lakin əminliklə demək olar ki, ermənilərin bu narazılığı Rusiya üçün ciddi əhəmiyyət kəsb etmir. Bunu Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə İrəvanın etdiyi iradlara Moskvanın sərt cavabı da təsdiq edir.

Emin QASIMOV,

"Respublika".