BƏDNAM QONŞULARIMIZ ANLAMALIDIR Kİ, İMTİYAZ, GÜZƏŞT, STATUS OLMAYACAQ
Siyasət

BƏDNAM QONŞULARIMIZ ANLAMALIDIR Kİ, İMTİYAZ, GÜZƏŞT, STATUS OLMAYACAQ

Prezident cənab İlham Əliyevin qəti mövqeyi və Azərbaycanın qalib dövlət olması bunu labüd edir

Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura 30 ildən sonra həyat yenidən qayıdıb. Ermənilərin dağıdaraq məhv etdikləri şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar onu göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun inkişafı, tərəqqisi, regionda sülhün və əmin-amanlığın təmin edilməsi Azərbaycanın əsas prioritetlərindəndir.

Dövlətimiz həm bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində, həm də Qarabağın erməni əhalisi ilə Azərbaycan Konstitusiyasına və müvafiq qanunvericiliyə əsasən münasibətləri normallaşdırmaqda israrlıdır. Odur ki, Qarabağda yaşayan ermənilər qısa müddət ərzində artıq öz seçimlərini etməlidirlər: ya Azərbaycanın vətəndaşlığını qəbul edib hamı kimi ölkə qanunlarına uyğun, sivil qaydada yaşamalı, ya da ölkəni könüllü şəkildə tərk etməlidirlər. Dünya ictimaiyyəti bu istiqamətdə baş verən hadisələri diqqətlə izləyir. Təsadüfi deyil ki, avqustun 12-də dövlət başçımız cənab İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə yerli mətbuatda olduğu kimi, xarici mətbuatda da böyük marağa səbəb oldu. Artıq dünya ictimaiyyəti gözəl bilir ki, cənab Prezidentin son açıqlaması ermənilərə və onları təhrik edən maraqlı qüvvələrə ciddi xəbərdarlıqdır. Dünya dövlət başçımızın Ermənistan və Qarabağ erməniləri ilə bağlı söylədiyi açıq və qətiyyətli fikirlərini, demək olar ki, olduğu kimi qəbul etdi və haqlı olaraq bunları Azərbaycan dövlətinin Ermənistana və ermənilərə etdiyi xəbərdarlıq olaraq dəyərləndirdi. Həqiqətən də, cənab Prezidentin bu açıqlamasından sonra Ermənistanın gələcək danışıqlarda manevr etmək üçün heç bir şansı və ya Qarabağ ermənilərinin hüquqları adı altında manipulyasıya imkanları qalmadı.

Bu gün Azərbaycan istər hərbi, istər hüquqi, istərsə də diplomatik anlamda regionda tam üstünlüyə sahibdir. Yeni reallıqları Ermənistandakı revanşistlər qəbul etmək istəməsə də, Qarabağdakı etnik ermənilər vəziyyətlə barışıblar, barışmağa məcburdurlar. Onlar Azərbaycanın hərbi və iqtisadi gücünü, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini görürlər. Azərbaycanla Ermənistanı müqayisə edir və iki ölkənin siyasi, iqtisadi, sosial həyatında paralellik aparır, real mənzərədən nəticə çıxarırlar. Ermənilər eyni zamanda, 30 il ərzində müharibə, savaş ideologiyası ilə yaşamağın nə ilə nəticələndiyini də dərk edirlər. İndi Qarabağdakı ermənilər seçim qarşısında qalıblar - bir tərəfdə müharibə, təhlükə və səfalət, digər tərəfdə isə sülh, ədalət, sabitlik, sosial rifah, inkişaf. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Qarabağda yaşayan ermənilərə mesajlar ünvanlayıb. Bildirib ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. "Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".

Həqiqətən, Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Reallıq isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Onların Qarabağda qalıb yaşaması və gələcəyi Prezidentin də dediyi kimi, yalnız Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diktə edən tərəfdir. Həmçinin, möhtəşəm "Qisas" əməliyyatından ermənilər düzgün dərs çıxarmalıdırlar. Yəni, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələrinin təxribatları qəbulolunmazdır. Prezident cənab İlham Əliyevin AzTV-yə son müsahibəsində bildirdiyi kimi, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır".

Uğurlu və uzaqgörən xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin bərqərar olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir. Dövlət başçısının qeyd etdiyi kimi, "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışdı. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan söhbət gedə bilməz.

Cənab Prezident son çıxışı ilə bir də bu məsələyə nöqtə qoydu ki, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz. Azərbaycan xalqı gələcəyə nikbinliklə baxır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə biz həmişə istədiyimizə nail olmuşuq.

Emin QASIMOV,

 "Respublika".