BDU-nun nəşr etdirdiyi
Elm və təhsil

BDU-nun nəşr etdirdiyi "Azərbaycan Respublikasının tarixi (1991-2021)" kitabının təqdimatı keçirilib

İyunun 8-də Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdirdiyi ikicildlik "Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov bildirib ki, təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Bir xalqın tarixində onun istiqlalı ən mühüm məsələdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətin qurucuları çox istəyirdilər ki, istiqlalımız əbədi olsun. Lakin Cümhuriyyət hökuməti cəmi 23 il yaşadı. Azərbaycan xalqı 70 il müstəqillik həsrəti ilə yaşadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu. Rafael Hüseynov Azərbaycanın bu gün dünyada nüfuz qazanmasında Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayıb.

Akademik Rafael Hüseynov təqdimatı keçirilən kitabın ərsəyə gəlməsini Bakı Dövlət Universitetinin böyük uğuru kimi dəyərləndirib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev ümummilli lider Heydər Əliyevin məzunu olması ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi "Azərbaycan Respublikasının tarixi (1991-2021)" kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb. Rektor müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən bu kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib.

Rektor vurğulayıb ki, ötən əsrin 90-cı illərində əldə edilən dövlət müstəqilliyi hər birimiz üçün ən böyük sərvətdir. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycan Respublikası 30 ildir ki, əbədi və dönməz müstəqilliyə qovuşub. Azərbaycan dövləti xüsusilə müstəqilliyin ilk illərində kifayət qədər çətin və keşməkeşli mərhələlərdən keçərək, sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoyub, iri regional layihələrin təşəbbüskarına, əsas icraçısına çevrilib. İqtisadiyyatın sürətli inkişaf tempi, uğurlu daxili və xarici siyasət, beynəlxalq səviyyədə qazanılan nüfuzu ilə paralel olaraq ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsi və bütün bunların məntiqi nəticəsi olaraq Vətən müharibəsində qazanılan inamlı qələbə ilə ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etməsi Azərbaycanı regionun və dünyanın nüfuzlu dövlətləri ilə bir sıraya qoyub: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük məharətlə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində bu gün regionda lider dövlətə çevrilən ölkəmiz dünya miqyasında söz sahibi olan dövlətlərlə birgə beynəlxalq sülh və təhlükəsizlik məsələlərində əsas rol oynayan etibarlı tərəfdaş mövqeyinə yüksəlib".

BDU-nun rektoru Elçin Babayev Ümummilli Lider, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Heydər Əliyevin müstəqilliyimizin əsas memarı olduğunu qeyd edib: "Ulu Öndər hər zaman tariximizin obyektiv, etibarlı mənbələr əsasında, ciddi tarixşünaslar tərəfindən yazılmasını vacib hesab edirdi. Müdrik siyasətçi bu istiqamətdə elm və təhsil ictimaiyyətinin qarşısında mühüm vəzifələr qoyub, prioritet hədəflər müəyyənləşdirmişdi. Ümid edirik ki, iki cilddə nəşr olunan "Azərbaycan Respublikasının tarixi (1991-2021)" kitabı həmin vəzifələrin yerinə yetirilməsinə böyük töhfələr verəcək. Kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan bu kitab tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu - müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. Xoşbəxtik ki, BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır".

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov kitabların təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, müasir Azərbaycanın tarixi vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bir ildən bir qədər çoxdur ki, Azərbaycan tarixi Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bütün bunların kitabda yer alması, gənclərin bunları öyrənməsi vacibdir. Kitabın müəllifi professor Musa Qasımlının Azərbaycanın son 30 illik tarixinin şahidi və iştirakçısı olması çox önəmlidir. Bu, hadisələrin düzgün sistemli işıqlandırılmasına imkan yaradıb. Kitabın gənclərin vətənpərvərlik ruhunda formalaşmasında böyük rolu olacaq.

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva isə çıxışında kitabın siyasətçilər, politoloqlar, tarixçilər, tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, kitabın I fəslində Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi, demokratik islahatlar ətraflı əks olunub: "Son 30 ildə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində önəmli addımlar atılıb. Şərqdə ölüm cəzası ilk dəfə Azərbaycanda ləğv olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahat humanist addım olmaqla yanaşı, Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası baxımından da önəmlidir. Seçki islahatları, medianın inkişafı istiqamətində atılan addımlar da bu dəyərlərə xidmət edir. Azərbaycanda Ombudsman İnstitutu da məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Bu humanist siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndiyədək Azərbaycanda 68 əfv sərəncamı və 12 amnistiya aktı qəbul olunub".

 Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun kafedra müdiri professor Hicran Hüseynova, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı kitabın Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətini, tariximizin daha dolğun əks olunması yönündə dəyərini vurğulayıblar. Qeyd ediblər ki, kitab yaxın zamanlarda müxtəlif xarici dillərə tərcümə olunmalı, təhsil müəssisələrində geniş tədris edilməlidir.

Çıxış edənlər kitabın həm bu gün, həm də sabah üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, kitabda XX əsrin sonlarında Azərbaycanın müstəqillik və dövlətçilik mübarizəsi hərtərəfli əksini tapıb. Nəşr, həmçinin iyunun 15-də qeyd edəcəyimiz Milli Qurtuluş Gününə bir töhfədir. Əsər fundamental, törədici olmaqla, təkcə faktı təsbit etmək deyil, onun üzərində işləmək və milli şüura çevirmək baxımından da önəmlidir.

Tədbirin sonunda çıxış edən kitabın müəllifi, AMEA-nın müxbir üzvü, BDU-nun professoru, Milli Məclisin deputatı Musa Qasımlı kitabın hazırlanmasında dəstəyə görə BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, tarix yalnız xronologiya üçün deyil, həm də öyrənib ibrət almaq üçündür. Musa Qasımlı Azərbaycan tarixinin ən önəmli səhifələrindən birini əks etdirən kitabın bu baxımdan ölkə ictimaiyyəti üçün dəyərli hədiyyə olduğunu qeyd edib.

AZƏRTAC