BDU-nun Jurnalistika fakültəsində MEDİA-nın İcraçı direktoru ilə görüş olub
Sosial həyat

BDU-nun Jurnalistika fakültəsində MEDİA-nın İcraçı direktoru ilə görüş olub

Aprelin 15-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüşü keçirilib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, fakültənin professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.

Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, tələbə jurnalistləri media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları barədə məlumatlandırıb. İcraçı direktor, xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Sonra Əhməd İsmayılov "Media haqqında" Azərbaycan Respublikası Qanununun əsas müddəalarını şərh edərək, onun jurnalistlər üçün əhəmiyyətindən danışıb.

Daha sonra medianın bugünkü problemləri, cəmiyyətlə media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

AZƏRTAC