BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim edilib
Mədəniyyət

BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim edilib

B akı Dövlət Universitetində (BDU) həyata keçirilən "Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili" layihəsi uğurla başa çatıb. BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti və ölkəmizin nüfuzlu jurnalistlərinin iştirak etdiyi layihə çərçivəsində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri", "Vətən müharibəsi yerli və xarici mediada" və "Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları" kitabları nəşr edilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 3-də bu kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən layihənin ideya müəllifi və rəhbəri rektor Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən söz açıb. Rektor BDU-da həyata keçirilən akademik layihələr haqqında məlumat verib. Qeyd edib ki, bu layihələrdən biri olan "Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili" layihəsinin əsas məqsədi 44 günlük müharibə dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunu öyrənmək, habelə yerli və xarici mediada dərc olunan məqalələri, müsahibələri və s. araşdırmaq, beynəlxalq medianın baxışını və yerli medianın fəaliyyətini akademik səviyyədə qiymətləndirmək olub. Layihə əsasında nəşr olunan kitabların materiallarından tədris prosesində istifadə ediləcək.

Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov və başqaları kitabların tədqiqatçılar üçün qiymətli və etibarlı mənbə olacağına əminliklərini vurğulayıblar.

Qeyd edilib ki, layihənin işçi qrupu 5 istiqamət - Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası; Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları üzrə araşdırma aparıb.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri" kitabında bu müsahibələrin informasiya cəbhəsində Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilib.

"Vətən müharibəsi yerli və xarici mediada" kitabında həmin dövrdə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılıb, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınıb, fərqli yanaşmalar sistemləşdirilib, ümumiləşdirmələr aparılaraq təqdim olunub.

"Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları" kitabında kütləvi informasiya vasitələrində yayımlanmış müvafiq yazıların bir hissəsi toplanıb.

Təqdimat mərasimində dövlət və ictimai xadimlər, Milli Məclisin deputatları, tanınmış jurnalistlər, müəllim və tələbələr iştirak ediblər.

AZƏRTAC