Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Təhsin Mütəllimov Azərbaycan elminə və ədəbi fikir tarixinə misilsiz töhfələr verən böyük mütəfəkkir və əvəzolunmaz şəxsiyyətlərdəndir. Onun 90 illik ömrünün 70 ilə yaxını BDU ilə bağlıdır. Alimin BDU-da yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Təhsin Mütəllimov Mir Cəlal, Abbas Zamanov, Əkbər Ağayev kimi böyük alimlərin çalışdığı akademik mühitdə peşəkar alim və tədqiqatçı kimi formalaşıb. Alimin rəhbərliyi altında 20-dək fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə olunub. Təhsin Mütəllimovun səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2017-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı və "3-cü dərəcəli Əmək ordeni" ilə təltif edilib.
E.Babayev professor Təhsin Mütəllimovun əsl elm fədaisi kimi çalışdığını, elmə, təhsilə töhfələr verdiyini deyib.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında Təhsin Mütəllimovun Mir Cəlalın ən sevimli tələbələrindən biri olduğunu və onu öz övladı kimi sevdiyini vurğulayıb: "Mir Cəlalın bütün tələbələri ona ailə başçısı kimi yanaşırdılar, tez-tez bizə gəlirdilər. Bu, çox isti və incə münasibət idi. Mən Təhsin Mütəllimovu Mir Cəlalın təkcə tələbəsi kimi deyil, oğlu kimi tanıyıram", - deyə H.Paşayev bildirib.
Hafiz Paşayev qeyd edib ki, Təhsin Mütəllimovun Mir Cəlalın yadigarı olan "Ədibin evi"nin formalaşmasında da əməyi böyükdür: "Bura bir ədəbiyyat ocağıdır. Mən ədəbiyyatşünasları bu ocaqdan daha çox istifadə eləməyə çağırıram. Biz Azərbaycan ədəbiyyatını daha geniş təbliğ etməliyik. Bu baxımdan Təhsin Mütəllimov təkcə tələbələrə, ədəbiyyata, BDU-ya deyil, bütün universitetlərə lazımdır".
Daha sonra çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva, akademiklər Teymur Kərimli, Vasif Babazadə, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli Mir Cəlal məktəbi ilə bağlı xatirələrini bölüşüb, bu məktəbin ən layiqli davamçılarından olan Təhsin Mütəllimovun elmi-pedaqoji fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Tədbirdə Təhsin Mütəllimov 90 illik ömrünü ləyaqətlə yaşadığını deyib: "Bir dəfə tələbələrimdən biri "Əsl müəllim necə olmalıdır?" - deyə soruşdu. Dedim ki, müəllim olmaq üçün əvvəlcə şəxsiyyət və insan olmaq lazımdır. Müəllim gərək öz tələbələrinə balası kimi baxsın. Ustadım Mir Cəlal vaxtilə deyərdi: Bu universitetdə ən böyük adam tələbədir, tələbəni incitmək olmaz. Ustadımın bu sözü həmişə yadımda qalıb. Müəllimlik fədakarlıqdır".
AZƏRTAC