BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi
Elm və təhsil

BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi" mövzusunda beynəlxalq elmi konfrans başlayıb

Dekabrın 23-də Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi" mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəlliklərini əks etdirən videoçarx və BDU-nun infoturu təqdim olunub.

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü ilə çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə "Nizami Gəncəvi İli" elan edib. Bu istiqamətdə Bakı Dövlət Universitetində "Nizami Gəncəvi İli" ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bir çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. həyata keçirilib, kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Elçin Babayev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edib. O, Nizami irsinin, sadəcə, ədəbiyyat deyil, eyni zamanda, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun "Xəmsə"sində əsas xətti təşkil etdiyini vurğulayıb. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Humanitar elmlər kafedrasının professoru Nazim Səfərov çıxış edib. O deyib: "Sevindirici haldır ki, 2013-cü ildə Oksford Universitetində Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Nizami Gəncəvi Elmi Mərkəzi yaradıldı. Bu Mərkəz Birləşmiş Krallığın Azərbaycanı hərtərəfli, sistemli öyrənən ilk və yeganə elmi-akademik qurumdur. 2018-ci il aprelin 23-də Oksford Universitetinin Bodleyn Kitabxanasının əsas binasında professor Nərgiz Paşayeva və Bodleyn Kitabxanasının direktoru, Amerika Filosoflar Cəmiyyətinin və London Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden arasında keçirilən görüş zamanı Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifi irəli sürülmüşdü. Bu gün həmin kitabxana Nizami Gəncəvinin adını daşıyır. 2018-ci il mayın 23-də Oksford Universiteti tərəfindən bu ali məktəbin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü professor Luiz Riçardson ilə Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında ikitərəfli müqavilə imzalanıb. Ədəbiyyat, tərcüməçilik, tarix, arxeologiya, tədris və mədəniyyət sahələrində işini uğurla həyata keçirən Mərkəz Nizami irsinin tədqiqi və təbliğində də xüsusi rola malikdir. Belə ki, 2017-ci il iyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) Ev-Muzeyində Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) "Böyük Azərbaycan şairi Nizami" ("The Great Azerbaijani Poet, Nizami") kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Bu kitab ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayıb. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən qədim kitabxanalarından götürülüb və kitab keyfiyyətli şəkildə Britaniyanın "Gilgamesh" nəşriyyat evində çap edilib".

Qeyd edilib ki, Mərkəzin loqosunda XII əsrin sonu - XIII əsrin əvvəlinə aid edilən ağ gildən hazırlanmış zər naxışlı fayans qabın üzərindəki təsvir əks olunub. AMEA-nın Tarix muzeyində saxlanılan fayans qab arxeoloqlar tərəfindən Beyləqan ərazisində - Örənqalada tapılıb. Tədqiqatçıların fikrincə, təsvir Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin süjetinin motivlərinə əsaslanır. Mərkəzdə əsərin qəhrəmanı Bəhram Gur, ətrafda isə dünyanın yeddi müxtəlif ölkəsindən olan yeddi gözəl təsvir olunub. Oksford Universitetinin tərkib hissəsi və Nizami Gəncəvinin adını daşıyan Elmi Mərkəz bu gün də fəaliyyətini uğurla davam edir və daim bu adla davam edəcək.

"Yubileylə bağlı dahi Nizami Gəncəvinin parlaq və zəngin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Ümidvarıq ki, Nizami Gəncəvi irsinin müxtəlif aspektlərdən və yeni yanaşma əsasında tədqiqi onun ideyalarının təbliğinə - sülhün, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışların dünyaya çatdırılmasına öz töhfəsini verəcək", - deyə Nazim Səfərov qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bu beynəlxalq elmi konfransın elmi-pedaqoji, gənclərin tədqiqata cəlb edilməsi baxımından da xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Akademik 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilməsinin əhəmiyyətindən danışıb, həmçinin ulu öndər Heydər Əliyevin Nizami irsinə xüsusi diqqət yetirməyin böyük ənənəsini qoyduğunu xatırladıb. Qeyd olunub ki, Nizami Gəncəvinin yaradıcılığı dövlətçilik düşüncəsi baxımından da maraqlıdır.

Akademik Nizami Cəfərov Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin uğurlu fəaliyyətini vurğulayıb.

Açılış mərasimində, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva, Türkiyənin Fırat Universitetinin professoru Süleyman Kaan Yalçın, Fırat Universitetinin rektoru professor Fahrettin Göktaş (onlayn), Tacikistan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Şodimuhamməd Sufizodə, Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutunun professoru Gülcaxon Cumanazarova, Türkiyənin Bilkənt Universitetinin professoru Rasim Özyürek (onlayn), Rusiyanın Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru Güzalya Həziyeva, Türkiyənin Akdeniz Universitetinin professoru Oğuzxan Qaraburqu çıxış ediblər. Çıxışlarda böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğu vurğulanıb, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışılıb. Qeyd edilib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib, Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Konfransın plenar iclasında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Türk-müsəlman intibahı: Fərabi fəlsəfəsindən Nizami poeziyasına qədər", AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov "Nizami Gəncəvini böyük Azərbaycan və dünya şairi olmağa ruhlandıran amillər və meyarlar", Türkiyənin Fırat Universitetinin professoru Süleyman Kaan Yalçın "Nizami Gəncəvi ekosemiotik dil kontekstində" mövzusunda məruzə ediblər.

Beynəlxalq tədbirdə akademik Rafael Hüseynov Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinin təşəbbüsü ilə ərsəyə gələn "Şərqşünaslıq" jurnalı haqqında məlumat verib. Jurnalın ilk nömrəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş məqalələr öz əksini tapıb.

Konfransda Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi, fəlsəfi fikir tarixində Nizami fenomeni, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Nizami və tarix, Nizami və folklor, Nizami və dünya ədəbiyyatı, Nizami və türk xalqları ədəbiyyatı, Nizami əsərlərinin mənbələr, Nizami yaradıcılığında didaktika, Nizaminin ictimai baxışları, Nizami irsi dünya mədəniyyəti kontekstində, Nizamişünaslıq müasir mərhələdə, Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi, Nizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları istiqamətləri üzrə müzakirələr aparılır.

Açılış mərasimində Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin direktoru professor Edmund Hersinqin konfrans iştirakçılarına təbrik məktubu təqdim olunub.

Mərasim bədii hissə ilə davam edib, Xalq artisti Samir Cəfərov Nizami Gəncəvinin "Sənsiz", "Sevgili canan" romanslarını ifa edib, BDU tələbələrinin ifasında N.Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan bədii kompozisiyalar səhnələşdirilib.

Konfrans işini sabah da davam etdirəcək.

AZƏRTAC