Bayraqlarda hilalımız Azərbaycan-Türkiyə
Türk dünyası

Bayraqlarda hilalımız Azərbaycan-Türkiyə

Türkiyəli qardaşlarımız Azərbaycanın şanlı tarixi olan İkinci Qarabağ müharibəsində mənəvi və siyasi baxımdan necə bizim yanımızda oldularsa, bu günlərdə qardaş dövlətin üzləşdiyi faciədə Azərbaycan türk xalqını yalnız buraxmadı. Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın və digər dövlət nümayəndələrinin Azərbaycana olan diplomatik dəstəyini xalq olaraq heç bir zaman unutmarıq. Türkiyə Cümhuriyyətinin liderinin: "Qırmızı xətt keçilərsə, atamızın oğlu olsa, tanımarıq", - sözləri müharibəyə müdaxilə etmək istəyən üçüncü dövlətlərə ən tutarlı mesaj idi. "Qardaşın qardaşa borcu olmaz" ifadəsi nə qədər doğru olsa da, azərbaycanlıların təbiətində yaxşılığı unutmamaq var.

Xalq olaraq dostumuzu və düşmənimizi yaxşı tanıyıb hər zaman layiqli qiymət vermişik. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Görüş zamanı Türkiyə lideri bildirib: "İlham qardaşıma və Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!". Əlavə olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu da qeyd edib ki, "Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!".

Türkiyə-Azərbaycan münasibətləri tarixin hər səhifəsində qarşılıqlı dostluq əlaqələri, qardaşlıq sevgisi fonunda özünü göstərib. Bu günlərdə tarix sanki təkrarlanır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə Nuru paşanın rəhbərliyi ilə Azərbaycana gələn Qafqaz İslam Ordusu Bakını Bolşevik-Daşnak-Bakı Soveti qüvvələrindən xilas edərək azad etmişdir. Qafqaz İslam Ordusu ilə əvvəlki döyüşlərdə məğlub olan Bakı Soveti qoşunlarında ruh düşkünlüyü elə həddə çatmışdı ki, texniki vasitələrlə belə vəziyyətdən çıxa bilməmişdilər. Azərbaycan türk qardaşlarımızın bu yaxşılığını unutmayaraq 1920-ci ildə Türkiyənin verdiyi ağır savaşlarda onu yalnız buraxmadı. Maddiyyat və yanacaqdan əziyyət çəkən qardaş dövlətə yardımlar göndərildi.

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi-mənəvi dəstəyini əsirgəməyən Türkiyəyə yardım əlini uzadan ilk dövlət Azərbaycan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün istiqamətlərdə Türkiyəyə yardım davam edir. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Heydər Əliyev Fondunun yardımları saymaqla tükənmir. Türkiyəyə ilk səfər edən xarici işlər naziri də məhz Azərbaycandan olub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, "Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra mənə ilk zəng edən də, Türkiyəyə ilk səfər edən də məhz qardaşım Ceyhun Bayramov oldu".

Fevralın 6-da baş verən təbii fəlakət Türkiyə Cümhuriyyəti tarixinin ən dəhşətli zəlzələsidir. Yeraltı təkanlar nəticəsində insan tələfatının sayı 41 min nəfəri keçib. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün NATO və Avropa İttifaqı ilə yanaşı, 45 ölkə Türkiyəyə yardım göndərilib.

Musa BAĞIRLI,

"Respublika".