Bayrağımız Laçında əbədi dalğalanacaq!
Siyasət

Bayrağımız Laçında əbədi dalğalanacaq!

“ Mən and içirəm, hərbi işi dərindən öyrənəcək, hərbi və xalq mülkiyyətini qoruyacaq, son nəfəsimədək xalqıma sədaqətli olacağam. Vətənin müdafiəsinə hazıram və and içirəm ki, qanımı, canımı əsirgəmədən düşmən üzərində tam qələbə çalanadək onu mərdliklə, cəsarətlə, şərəflə qoruyacağam. Bir qarış torpağımız belə düşmən tapdağı altında qalmayacaq”. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın "Silaha!" əmrinə cavab olaraq əyninə hərbi mundir geyinib əlinə silah götürən hər bir Vətən oğlu torpağını yağı düşmənin əlindən alacağına, o yerlərə üçrəngli bayrağımızı sancacağına bax, beləcə and içirdi. Bu andı yerinə yetirməyə isə ona cəmi 44 gün lazım gəldi.

Döyüş meydanında savaş qələbə ilə bitdi, diplomatik mübarizə isə hələ davam edirdi. Üçtərəfli Bəyanatın müddəlarına görə daha üç rayonu - Ağdam, Kəlbəcər və Laçını düşmən tərəfi təhvil verdi. Bununla da İkinci Qarabağ müharibəsi bitmiş hesab edildi.

2020-ci il 1 dekabr. Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub. Laçının işğaldan azad edilməsi Qarabağ bölgəsinin təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir.

Ermənistanın işğal etdiyi ərazilər arasında Laçın irimiqyaslı köçürülmə proqramının həyata keçirildiyi az qala yeganə rayon idi. Azərbaycan Prezidenti İlham Əliyev bildirirdi ki, orada 10 min erməni, yəni qondarma "Dağlıq Qarabağ respublikası" əhalisinin altıdabir hissəsi yaşayırdı. Lakin Ermənistan insan resurslarına malik olmadığı üçün ermənilər digər ölkələrdən gətirilirdi. Cenevrə konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət idi. Erməni liderləri bu cinayəti qəsdən törədir, Laçının qaytarılacağı barədə qətiyyən düşünmürdülər.

"Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətlərimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm". Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində belə deyirdi. Dövlət başçısı, həmçinin ölkə qarşısında duran təxirəsalınmaz vəzifələrdən də danışaraq işğaldan azad edilmiş torpaqlarda hər tərəfin dağıdıldığını, o yerlərdə yaşamağın mümkün olmadığını, ancaq o bölgələrin bərpa ediləcəyini, vətəndaşlarımızın normal həyatı üçün bütün addımların atılacağını da bəyan etmişdi.

İndi həmin tarixi anlardan iki il ötür. Laçının azad olunacağı günü isə xalqımız 28 il gözlədi. Azərbaycan xalqı Vətən müharibəsindəki möhtəşəm Qələbəsi ilə beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu azadlığına qovuşdu.

Bu gün azad Laçınımızda tikinti-quruculuq işləri aparılır. 2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunda səfərdə oldular. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Hazırda rayonda fərqli təyinatlı yol, enerji infrastrukturu layihələri reallaşdırılır.

Bu ilin iyun ayında Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub. Dövlət başçısına, həmçinin Laçın rayonunda "Həkəriçay" su anbarının layihəsi təqdim edilib. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometrlik məsafədə yerləşir. O, strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Prezident İlham Əliyev 2022-ci il 20 sentyabr tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb.

Ermənistanın işğalı zamanı mövcud olmuş və sonra dağıdılmış 14 kiçik su elektrik stansiyası yenidən bərpa ediləcək və daha 14 yeni su elektrik stansiyası tikiləcək ki, bununla da burada 28 su elektrik stansiyası olacaq. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi "Laçın" qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xətlər vasitəsilə Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq. Bununla da Qarabağda və Şərqi Zəngəzurda elektrik enerjisinin verilişində fasilə yaranmayacaq.

Laçın rayonu Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı 2022-ci il sentyabrın 22-də dövlət başçısı sərəncam imzalayıb. Bu məqsədlə dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min, həmçinin Laçın şəhəri 2 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpası üçün də müvafiq quruma 800 min manat vəsait ayrılıb.

Laçın şəhərinin dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilir, anbarlar yuyulub təmizlənərək istismara qaytarılır. İşğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq, quruculuq işlərinin həcmi düşməni məyus edir, dostları isə sevindirir.

İyun ayında Laçında olan və oktyabrda yenidən bölgəyə səyahət edən Türkiyə Gəzginlər Klubunun üzvü Uğur Dəmircan gördüklərini müqayisə edərək deyib: "Dörd ay sonra geri döndüm və çox sevinirəm ki, azad edildikdən sonra Laçına ilk gələn səyahətçilər biz olduq. Burada gördüyümüz erməni vəhşiliyini bütün dünyada anladacam. Laçında gedən quruculuq işləri məni çox sevindirir. İki ay içində görülən bu qədər böyük işlər məni heyrətləndirdi. İnanıram ki, tezliklə burada yaşayış başlayacaq".

Zümrüd QURBANQIZI,

"Respublika".