Batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyinin və Bakı çempionatının qalibləri mükafatlandırılıb
İdman

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyinin və Bakı çempionatının qalibləri mükafatlandırılıb

Yanvarın 29-da Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyinin və Bakı çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə isə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyalarında mübarizə aparıblar. Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tamblinq üzrə isə 20 idmançı iştirak edib.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin rejimi qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun qaydada, tamaşaçıların iştirakı olmadan keçirilib.

Batut yarışının balacalar yaş qrupunda qadınlar arasında Ayla Məmmədova 34,150 xalla birinci, Nigar Hüseynova 33,150 xalla ikinci yeri tutublar. Hər iki idmançı "Ocaq" idman klubunu təmsil edib.

Tamblinq yarışında uşaqlar yaş qrupunda kişilər arasında Sənan Rzazadə 39,500 xalla birinci, Xəzər İsmayılov 38,900 xalla ikinci, İhsan Mehrəliyev 38,100 xalla üçüncü yeridə qərarlaşıblar. İdmançılar Bakı Gimnastika Məktəbinin yetirmələridirlər.

Qadınların mübarizəsində Bakı Gimnastika Məktəbinin yetirməsi Aylin Şərifzadə 38,000 xalla birinci olub. Bu məktəbin daha bir yetirməsi İlham Məsimov tamblinq üzrə yeniyetmələr yaş qrupunda kişilər arasında 38,600 xal nəticə göstərib.

Oğlanların batut yarışının uşaqlar kateqoriyasında Ömər Qasımlı 38,750 xalla qızıl, Nikita Kolesnikov 36,830 xalla gümüş, Səbuhi Süleymanlı 36,500 xalla bürünc medallara sahib olublar. Ö.Qasımlı və S.Süleymanlı Bakı Gimnastika Məktəbinin, Nikita Kolesnikov isə "Ocaq" idman klubunun yetirmələridir.

Bu kateqoriya üzrə uşaqların yarışında Nərmin Bahadırlı (35,680 xal), Melisa İsmixanova (35,660 xal) və Məryəm Axundova (34,730 xal) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. M.İsmixanova Bakı Gimnastika Məktəbində, N.Bahadırlı və M.Axundova "Ocaq" idman klubunda çıxış edirlər.

Oğlanların tamblinq yarışının gənclər kateqoriyasında fəxri kürsünün hər üç pilləsində Bakı Gimnastika Məktəbinin yetirmələri qərarlaşıblar. Bilal Qurbanov (47,700 xal) birinci, Aleksey Karataşov (42,600 xal) ikinci, Hüseyn Əsədullayev (39,600 xal) isə üçüncü olublar.

Oğlanların batut yarışının yeniyetmələr kateqoriyasında Bakı Gimnastika Məktəbinin yetirmələri Əmmar Baxşəliyev (49,750 xal) qızıl, Fərhad Mustafayev (40,320 xal) gümüş, Nihad Əsgərli (36,330 xal) bürünc medallar qazanıblar.

Qızların batut yarışının yeniyetmələr kateqoriyasında Səma Cəfərova (43,750 xal) fəxri kürsünün birinci, Samirə Hüseynova (40,300 xal) ikinci, Aylin Məmmədli (39,870 xal) üçüncü pillələrində qərarlaşıblar. Səma Cəfərova Bakı Gimnastika Məktəbini, Samirə Hüseynova və Aylin Məmmədli isə "Ocaq" idman klubunu təmsil ediblər.

Bakı Gimnastika Məktəbinin şagirdi Mədinə Abutalıbova qızların yarışında gənclər yaş kateqoriyasında 37,500 bal toplayıb.

Kişilərin tamblinq yarışının böyüklər kateqoriyasında "Ocaq" idman klubunun üzvü Mixail Malkin (51,700 xal) birinci olub. Bakı Gimnastika Məktəbinin yetirmələri Adil Hacızadə (46,500 xal) fəxri kürsünün ikinci, Tofiq Əliyev (45,700 xal) isə üçüncü pilləsində qərarlaşıblar.

Oğlanlar arasında batut yarışının gənclər kateqoriyasında Maqsud Maqsudov (56,410 xal) qızıl, Nicat Mirzəyev (53,240 xal) gümüş, Mehdi Əliyev (50,110 xal) bürünc medal qazanıblar. M.Maqsudov və N.Mirzəyev Bakı Gimnastika Məktəbinin, Mehdi Əliyev isə "Ocaq" idman klubunun yetirmələridir.

Batut üzrə qızların yarışının gənclər kateqoriyasında isə Bakı Gimnastika Məktəbinin təmsilçiləri Şəfiqə Qurbanova (44,760 xal) və Ayan Şabanova (43,880 xal) ilk iki pillədə yer alıblar. "Ocaq" idman klubunun üzvü Duyğu Əlizadə 39,810 xalla üçüncü yeri tutub.

Qadınların yarışında batut üzrə böyüklər kateqoriyasında Bakı Gimnastika Məktəbinin yetirməsi Selcan Maqsudova 53,670 xal toplayıb.

Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatından sonrakı ilk üç ay ərzində Milli Gimnastika Arenasında gimnastikanın müxtəlif növləri üzrə daha üç yerli yarış keçiriləcək.

AZƏRTAC