Basarkeçərin tarixi
Tarix

Basarkeçərin tarixi

Göyçə mahalının Basarkeçər rayonu azərbaycanlıların qədimdən yaşadıqları yaşayış yerlərindən biridir. Xalqımızın ulu kitabı olan “Kitabi –Dədə Qorqud” da bu müqəddəs yurdun və ona yaxın ərazilərin adı tez-tez hallanır. Əlbəttə, bu qədimlik elmi araşdırmalarda da öz əksini tapmışdır. Göyçə mahalının –Basarkeçər rayonunun tarixi ilə bağlı müxtəlif fikirlər söyləyən tədqiqatçılar arasında tarix elmləri doktoru, professor, mərhum Səfyar Musayevin fəaliyyəti təqdirəlayiqdir.

Görkəmli alim Səfyar Musayevin 1997-ci ildə nəşr olunmuş “Göyçə şəhidləri” kitabına yazdığı ön sözdə Basarkeçərin tarixi haqqında geniş söhbət açılır. Orada sadalanan tarixi faktların əhəmiyyətini və aktuallığını nəzərə alaraq “Basarkeçərin tarixi” adlanan həmin yazını olduğu kimi oxuculara təqdim edirik:

Göyçə azərbaycanlıların qədimdən yaşadığı yaşayış yerlərindən biridir. Xalqımızın ulu kitabı olan "Kitabi-Dədə Qorqud"da bu müqəddəs yurdun və ona yaxın ərazilərin adı tez-tez hallanır. Əlbəttə, bu qədimlik elmi araşdırmalarda da öz əksini tapmışdır. Göyçə mahalının tarixi ilə bağlı müxtəlif fikirlər söyləyən alimlər arasında türk alimi Toğan bu qənaətə gəlir ki, türk tayfaları Göyçədə və ona qonşu olan ərazilərdə eramızın 460-cı illərində məskunlaşmışlar. Basarkeçər - Göyçə mahalının əsas hissəsini özündə birləşdirən rayondur. Sahəsi 1150 kvadratkilometrdir. Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəddir. Və həm də azərbaycanlıların yaşadığı ərazi olmuşdur. Lakin sonralar...

Tarixi mənbələrdən məlumdur ki, 1831-ci ildə Basarkeçər rayonunda cəmi 4376 nəfər əhali var idi. Onun 9 nəfəri erməni, 4367 nəfəri isə azərbaycanlı idi. Təbii ki, həmin ildə Basarkeçər rayonu ərazisində yerləşən qırx dörd kəndin heç birində erməni ailəsi olmamışdır. Çar hökumətinin 1825-ci ildə İran ilə bağladığı Türkmənçay və 1929-cu ildə Türkiyə ilə bağladığı Ədirnə sülh müqaviləsinə əsasən ermənilərin bir il müddətinə Arazdan Şimala köçürülməsinə icazə verilirdi.

1828-1830-cu illərdə Rusiya Zaqafqaziyaya 40 min İran ermənisi və 84 min Türkiyə ermənisi köçürmüşdü ki, bunlar da Yerevan və Yelizavetpol quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdi. Başqa bir mənbədə göstərilir ki, bu ermənilər əsas etibarilə Yelizavetpol quberniyasının dağlıq hissəsində (Yuxarı Qarabağ nəzərdə tutulur) və Göyçə gölü ətrafında yerləşdirilmişdir.

Çar hökumətinin yeritdiyi köçürmə siyasəti nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda oldu. Basarkeçər kəndində --1296, Gödəkbulaqda –515, Aşağı Zağalıda –521, Tüstülüdə --224, Qırxbulaqda –589 nəfər. Ərzurum və Bəyazit paşalıqlarından gəlmiş 45 min erməni ailəsi buraya köçürüldü, azərbaycanlıların sıxışdırılması başlandı. Nəticədə xeyli azərbaycanlı yurdlarını tərk edib İrana və Türkiyəyə köçməyə məcbur oldu. Həmin il rayonda 11746 azərbaycanlı yaşayırdı (Rayonda cəmi 14891 nəfər əhali yaşayırdı).

Ermənistan azərbaycanlıları sözün əsl mənasında dörd dəfə genosid siyasətinin qurbanı olmuşdu. Erməni millətçiləri "Böyük Ermənistan" dövləti yaratmaq üçün birinci növbədə əhalinin tərkibini dəyişdirməyi ön plana çəkdilər. Bununla əlaqədar olaraq əsrin əvvəllərində artıq əhalisi qarışıq kəndlər yaranmağa başladı. Azərbaycanlılar yaşayan kəndlərə ermənilər köçürülürdü. Bu da əhalinin milli tərkibinin dəyişdirilməsi, eyni zamanda azərbaycanlılara qarşı əsl genosid siyasəti idi. Əsrin yalnız birinci rübündə törədilmiş iki qırğında təqribi hesablamalara görə öldürülən, didərgin düşən və zərər çəkən azərbaycanlıların sayı 2 milyona yaxındır.

1918-1919-cu illərdə Azərbaycan xalqının qəddar düşməni Andranikin qoşunları Azərbaycan xalqına qarşı açıq terrora keçdi. Türkmənçay müqaviləsinin qara buludu Göyçənin də başı üzərini alırdı. 1919-cu ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə məsələ müzakirə etməli oldular. Qədim Azərbaycan şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsənbəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı. 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistanın paytaxtı olmasına səs verdikdə Həsənbəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər. Belə bir ağır dövrdə Andranikin qoşunları azərbaycanlıları kütləvi surətdə qırır və qırdırırdılar. Polkovnik Silikovun rəhbərliyi altında daşnak hökumətinin qoşunları Basarkeçər rayonu ərazisinə hücum etdilər. Erməni daşnak ordusunun qoşunları Göyçə mahalının 22 kəndini darmadağın etdi və Alçalı, Çamurlu, Yarpızlı, Qanlı, Kərkibaş, Çaxırlı, Kefli və Böyük Məzrə kəndlərini yandırdılar. Andranikin ordusu hər kənddə 5-6 gün dayanır, oranı darmadağın etdikdən sonra başqa kəndlərə keçirdi. Bu kimi cinayətlər barədə Göyçə mahalından 26 kəndin əhalisinin 1919-cu il martın 2-də Gəncə qubernatoruna yazdığı ərizədə ətraflı məlumat verilir. Həmin ərizədə göstərilir ki, 1919-cu il fevralın 28-də Silikovun rəhbərliyi altında erməni ordusu müsəlman kəndlərinə daxil oldu. Silikovun qaniçən, daşnak dəstəsi Basarkeçər rayonunun Zod kəndinə daxil olan zaman kənd camaatından 750 pud taxıl və 100 sentner ot tələb etdi. Kənd sakinləri etiraz edib bildirdilər ki, onlar həmin miqdarda ərzağı vermək imkanına malik deyillər. Silikov kənd camaatından rədd cavabı aldıqdan sonra onları təhqir etdi və Zod kəndinin sakini Məcid Süleyman oğlunu öldürdü, 4 nəfəri isə yaraladı. Bu dəhşətli hadisədən sonra kənd camaatının səbir kasası tükəndi. Onlar başda polkovnik Silikov olmaqla 4 nəfər zabiti və 15 nəfər daşnakı öldürdülər. Bu hadisədən sonra daşnak ordusunun yerli əhaliyə qarşı vəhşiliyi daha da şiddətləndi. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı yeritdiyi genosid siyasətinin ikinci mərhələsi minlərlə azərbaycanlının qırılması və öz doğma yurdlarını tərk etməsi ilə başa çatdı. Sağ qalan az qisim əhali isə öz doğma yurdlarından baş götürüb qaçdı. Kəlbəcərdəki Sümüklü dərə və digər yerlər o qanlı illərin yadigarıdır.

Ermənistanda daşnak hökuməti yıxıldıqdan sonra azərbaycanlılar Ermənistana qayıtmağa başladılar. Müvəqqəti olaraq dədə-baba torpaqlarını tərk etmiş azərbaycanlılar öz yurdlarına qayıdan zaman Ermənistanda vəziyyət tamamilə dəyişmişdi. Belə ki, müvəqqəti olaraq dədə-baba yurdlarını tərk etmiş Azərbaycan kəndlərinə ermənilər yerləşdirilmişdi. Məsələn, 1919-cu ilə qədər Basarkeçər rayonunun Böyük Məzrə, Çaxırlı, Qızılvəng və Yarpızlı kəndlərində bir nəfər olsun erməni yox idi. Lakin azərbaycanlıların qaçmasından istifadə edən ermənilər 1922-ci ildə Böyük Məzrə kəndində 561 nəfər, Yarpızlıda 109 nəfər, Qızılvəngdə 207 nəfər və Çaxırlı kəndində isə 363 nəfər erməni yerləşdirmişlər. Köçüb qayıdan azərbaycanlılar yeni alaçıqlar tikməyə məcbur oldular. 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12662 erməni, 17306 nəfər azərbaycanlı, 383 nəfər kürd əhalisi var idi.

1948-1953-cü illərdə Ermənistandan, o cümlədən Basarkeçərdən azərbaycanlılar Stalinin və Mikoyanın, habelə digər ermənipərəst alçaqların qurduğu hiylə ilə köçürmə siyasəti adı altında sürgün edilərək qovuldu. Stalinin ölümündən sonra köçürmə dayandırıldı. Həmin dövr genosid siyasətinin üçüncü mərhələsi idi. Xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə bu siyasət təşkil edildi və köçürülən azərbaycanlı əhali Azərbaycanın ərazi zonasında yerləşdirildi: Beyləqan, Saatlı, İmişli, Salyan, Bərdə, Dəvəçi, Biləsuvar və s. rayonlarda. Həmin rayonlarda iqlim şəraiti həddən artıq isti olduğuna görə onların xeyli hissəsi dünyadan vaxtsız köçdü. Qalanlar geri qayıtmaq istədilər, lakin ermənilər buna imkan vermədi. Xaricdən gələn ermənilər azərbaycanlıların tərk etdiyi yerlərə köçməkdən imtina etdilər. Beləliklə, xaricdən gələn ermənilərin azərbaycanlıların köçürüldüyü rayon və kəndlərdə yerləşdirilməsi planı demək olar ki,  baş tutmadı.

Azərbaycanlıların izini-tozunu silmək üçün daşnaklar tərəfindən coğrafi adlar dəyişdirildi, tarixi abidələr dağıdıldı. 1969-cu ildən başlayaraq Basarkeçər rayon partiya komitəsinin birinci katibi vəzifəsinə qeyri-qanuni olaraq erməni təyin olunduqdan sonra daşnaklar artıq öz çirkin əməllərini əvvəlki tək örtülü yox, açıq şəkildə həyata keçirməyə başladılar. İlk növbədə partiya, sovet və digər orqanlarda çalışan azərbaycanlı kadrların sayı minimuma endirildi və onlar bütün sahələrdə sıxışdırılaraq təqiblərə məruz qaldılar. Ali təhsil almış gənclər və yeni ailə həyatı quranlar başqa respublikalara baş götürüb getmək məcburiyyəti qarşısında qaldılar. Aydınca hiss olunurdu ki, daşnaklar xalqımıza xəyanət toru hazırlayırlar. Eyni siyasətin nəticəsilə 1969-cu ildə Basarkeçər dönüb Vardenis oldu. Bu iş əslən basarkeçərli, azərbaycanlı qanına susayan Ermənistan Elmlər Akademiyasının prezidenti, qatı millətçi Viktor Hambartsumyanın xəyanəti, dirijorluğu nəticəsində görüldü. Viktor o Viktor idi ki, qohum-əqrəbasının böyründə azərbaycanlı kəndlərində axşama kimi kök və turp satıb əvəzində taxıl alarmış. Sonralar isə ermənilər Azərbaycanın kənd adlarının dəyişdirilməsi kimi alçaq işə əl atdılar və məqsədlərinə nail oldular.

1948-1953-cü illər köçürülmə siyasəti "ağ genosid" adlandı. Bu üçüncü mərhələ şəxsiyyətə pərəstiş dövründə həyata keçirildi. Genosidin dördüncü mərhələsi Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında baş verən hadisələrlə əlaqədar idi. Vilayətin Ermənistana birləşdirilməsi erməni millətçilərinin çoxdankı arzusu idi. Belə bir şərait Sov. İKP MK-nın 1985-ci il plenumundan sonra yarandı. Daşnaklara arxa duran isə ilk novbədə M.Qorbaçov kimi şeytan cildinə girənlər oldu.

Ermənilərin azərbaycanlılara qarşı genosid siyasətinin dördüncü mərhələsi 1988-ci ilin oktyabrında başladı. Azərbaycanlıların 1988-1989-cu illərdə başına gətirilən faciə 1918-1920-ci illərdəki faciənin davamı və inkişafıdır. Basarkeçərdə son məlumata görə 34 kənd var idi: 24 azərbaycanlı, 7 erməni, 3 qarışıq. Orada olan 70 mindən çox əhalinin 40 mindən çoxunu azərbaycanlılar təşkil edirdi.

1988-ci ilin oktyabr-noyabrında vəziyyətin ən dəhşətli bir dövründə yurd-yuvasından qovulmuş azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilmələri haqda respublika mərkəzi komitəsinə müraciət etdilər. Qəti bildirdilər ki, Dağlıq Qarabağda azərbaycanlıların yerləşdirilməsindən heç bir söhbət gedə bilməz. Bununla da azərbaycanlıların Dağlıq Qarabağa köçürülməsinə son qoyuldu. Əlacsız və köməksiz qalan 200 mindən çox azərbaycanlı köç karvanında öz dədə-baba yurdlarını tərk edərək Bakıya, respublikanın ayrı-ayrı rayonlarına, eləcə də Rusiyanın müxtəlif bölgələrinə dağıldılar (Əlbəttə, rus, erməni ordusunun məcburiyyətilə çıxarılandan sonra). Ən dəhşətlisi odur ki, 70 ildə azərbaycanlıların qabarlı əlləri ilə ucaldılan yaraşıqlı evlər, saldıqları bağ-bağçalar, göygözlü Göyçə gölü, aşıqlar yurdu, başı buludlardan nəm çəkən atlas geyimli dağlar, kolxoz və sovxozlarda çalışan əmək adamlarına məxsus olan var-dövlət ermənilərə qaldı, çoxu isə daşnaklar tərəfindən talan edildi. Bu günün özündə də neçə-neçə ailə tanıyıram ki, dəyişilməmiş evi Göyçədə ermənilərə qismət olub. Özləri isə ya kirayədə, ya da ki yad qapılarda didərginlik yükünün altında inləyir və “ömür-gün” keçirirlər.

1988-ci il dekabrın 10-da Ermənistanı “türklərsiz respublika” elan etdilər. Basarkeçər rayonu (Vardenis) onun qəribsəyən, göyüm-göyüm göynəyən Göyçə gölü daşnak ermənilərin ayaqları altında qaldı. Tarixi haqqın danılmayacağı ümidiylə torpaqlarımızın azad olunacağına əminik. Müxtəlif yerlərə səpələnsələr də, o yurdun suyunu, havasını, çörəyini müqəddəs bilən oğulları-ziyalıları, qeyrətliləri bir məcrada iş görəcəklər. Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, vaxtilə Azərbaycan Nazirlər Sovetinin birinci müavini işləmiş Zülfü Hacıyevin, Azərbaycanın Milli Qəhrəmanları Şövqiyar Abdullayevin, Etibar Hacıyevin, Rövşən Əliyevin, Mehman Sayadovun və torpaq uğrunda əbədiyyətə qovuşmuş yüzlərlə basarkeçərlinin ruhunu şad eləmək üçün son damla qanımıza kimi vuruşmalı, mübarizə aparmalı və çox tezliklə Ulu Göyçəmizdə "Göyçə gülü" havası çaldırıb, boynubükük bənövşələri qəm-qüssədən çıxarmalı, qəribsəmiş yerlərimizə - "Seyid Bayram"ın, "Mirəli ağa"nın, "Mirismayıl ağa"nın ziyarətgahlarına qayıtmalıyıq. Tez qayıtmasaq, Ulu Tanrı, tarix bunu bizə bağışlamaz.  YURD EŞQİYLƏ ALLAH AMANINDA!

BASARKEÇƏRLİLƏRİN BİR QİBLƏSİ, BİR KƏBƏSİ, KƏRBALASI VAR, GÖYÇƏ ADLI!

Səfyar MUSAYEV,

 professor, millət vəkili, Milli Məclisin İnsan Huquqları Komissiyasının sədri.