Baş prokurorun müavini: Hazırda qara qutunun tədqiqi ilə bağlı peşəkar əməkdaşlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir
Digər xəbərlər

Baş prokurorun müavini: Hazırda qara qutunun tədqiqi ilə bağlı peşəkar əməkdaşlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir

Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin xəsarət alması, 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın hazırkı mərhələsində noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-yə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir. Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 30-da Baş Prokurorluqda təşkil olunan brifinqdə bu qurumun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

Qeyd olunub ki, cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-tibb, məhkəmə-texniki-yanğın və məhkəmə-ballistik ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır. Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla, zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin olunub, zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Eyni zamanda, kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilmədən, ajiotaj yarada biləcək məlumatların yayılmaması xahiş olunur. Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb olunma təmin ediləcəkdir.

Brifinqdə iştirak edən Baş prokurorun birinci müavini Elçin Məmmədov media nümayəndələrinin qara qutu ilə bağlı suala cavabında deyib: "İstintaq qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və helikopterin düşdüyü ərazidə qara qutu aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülüb. Hazırda həmin sübutun tədqiqi ilə bağlı peşəkar əməkdaşlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir".

Baş prokurorun birinci müavini əlavə edib ki, helikopterin qəzaya uğraması ilə əlaqədar hazırda intensiv istintaq tədbirləri həyata keçirilir, zəruri istintaq hərəkətləri icra olunmaqdadır. Hazırda şahidlərin dindirilməsi, hadisə yerinə baxışın keçirilməsi təmin olunub. Zəruri ekspertizalar təyin edilib, meyitlərin xarici, o cümlədən daxili müayinələri həyata keçirilib. Hazırda intensiv qaydada zəruri istintaq hərəkətləri davam etdirilir.

Helikopterin qəzaya uğraması ilə bağlı ehtimal olunan ilkin səbəblər barədə sualı cavablandıran E.Məmmədov bildirib ki, ilkin səbəblərlə bağlı hazırda istintaq aparılır. İstintaqın hazırkı mərhələsində helikopterin qəzaya uğraması səbəbi kimi hər hansı müdaxilə inkar olunur. Yaradılmış istintaq qrupunun üzvləri hazırda bütün versiyaları, o cümlədən hava şəraiti, pilotun ehtiyatsız davranması və bu kimi digər səbəbləri araşdırırlar.

E.Məmmədov qeyd edib ki, istintaq qrupuna peşəkar müstəntiqlər daxil edilib. Cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib. İstintaq qrupunun rəhbəri idarənin rəis müavini Sənan Paşayevdir.

 AZƏRTAC