Baş Prokurorluqda AŞPA-nın nümayəndə heyəti ilə görüş keçirilib
Digər xəbərlər

Baş Prokurorluqda AŞPA-nın nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 22-də Baş prokurorun müavini Elmar Camalov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Elmar Camalov Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək insan hüquq və azadlıqlarının təmin olunması sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış institusional tədbirlər, prokurorluq orqanlarında modernləşmə prosesinin davam etdirilməsi, köklü islahatların aparılması və şəffaflığın təmin edilməsi barədə məlumat verilib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən AŞPA-nın komitə üzvü Konstantinos Efstatiu Azərbaycan Respublikasının hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirildiyini vurğulayaraq, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix də iştirak edib.

AZƏRTAC