Baş Prokurorluq və DİN saxta vaksinasiya ilə bağlı əhaliyə xəbərdarlıq edib
Digər xəbərlər

Baş Prokurorluq və DİN saxta vaksinasiya ilə bağlı əhaliyə xəbərdarlıq edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi saxta vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.

Hər iki qurumun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri müəyyənləşdirilib.

Həyata keçirilən əməliyyat zamanı müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyev ilə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarına dair saxta sənəd təqdim ediblər. Həmin şəxslərin eyni üsulla çoxlu sayda vətəndaşdan pul alaraq onları peyvənd edilmədikləri halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarına dair saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim ediblər.

Hər iki faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVİD-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə 102 - Xidməti Zəng Mərkəzi, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat vermələrini xahiş edir.

AZƏRTAC