Baş Prokurorluq və DİN qumbaranı partladaraq özünü öldürən və dörd polis əməkdaşına xəsarət yetirən şəxslə bağlı birgə məlumat yayıb
Digər xəbərlər

Baş Prokurorluq və DİN qumbaranı partladaraq özünü öldürən və dörd polis əməkdaşına xəsarət yetirən şəxslə bağlı birgə məlumat yayıb

İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov ölüb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Partlayış zamanı dörd nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AZƏRTAC