Baş Prokurorluq və DİN Daşkəsən rayon sakinlərinin minaya düşmələri ilə bağlı aparılan istintaqın gedişinə dair birgə məlumat yayıb
Digər xəbərlər

Baş Prokurorluq və DİN Daşkəsən rayon sakinlərinin minaya düşmələri ilə bağlı aparılan istintaqın gedişinə dair birgə məlumat yayıb

İyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olub və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, sentyabrın 24-də rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonunun Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minaya düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmovun meyit fraqmentləri aşkarlanıb.

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkarlanıb. Həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən istintaq davam etdirilir.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AZƏRTAC