Baş Prokurorluq: Ukraynadan Azərbaycana bir nəfər ekstradisiya edilib
Digər xəbərlər

Baş Prokurorluq: Ukraynadan Azərbaycana bir nəfər ekstradisiya edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Minsk Konvensiyasının tələblərinə əsasən, Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmizdə cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə sorğu edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cabbarov Seymur İbrahim oğlunun qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyənləşdirilib.

Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin olunub. Seymur Cabbarov noyabrın 2-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

AZƏRTAC