Baş Prokurorluq: Sabiq səfir Eldar Həsənov barəsində cinayət işinin istintaqı tamamlanıb
Digər xəbərlər

Baş Prokurorluq: Sabiq səfir Eldar Həsənov barəsində cinayət işinin istintaqı tamamlanıb

Sabiq səfir Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 milyon 931 min 316 manat (16 milyon 893 min 868 avro) məbləğində pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11 milyon 804 min 661 manat (11 milyon 156 min 716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327 min 373 manat (180 min 728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192 min 387 manat (101 min 761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən olunub.

Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1-ci (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. 

Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Baş Prokurorluq, həmçinin son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı yayılan həqiqətəuyğun olmayan məlumatlara da münasibət bildirib: “Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə edilib, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”.

AZƏRTAC