Baş Prokurorluq məhkəmə qərarından verilmiş apellyasiya protesti barədə yayılan əsassız xəbərlərə münasibət bildirib
Digər xəbərlər

Baş Prokurorluq məhkəmə qərarından verilmiş apellyasiya protesti barədə yayılan əsassız xəbərlərə münasibət bildirib

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaş Hüseynli Zamiq Əsədxan oğlu barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə məhkəmə baxışında bəraət almasına baxmayaraq, prokurorluğun protesti əsasında qanunsuz həbs təhlükəsi ilə üzləşməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmiş Zamiq Hüseynlinin prokurorluğun formasında şəkli həkk edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Zamiq Hüseynli həmin Məcəllənin 32.4, 297.1-ci (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Mayın 7-də cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Həmin məhkəmənin 2021-ci il 11 iyun tarixli hökmünə əsasən Z.Hüseynliyə bəraət verilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.

AZƏRTAC