Baş Prokurorluq: DSX-yə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir
Digər xəbərlər

Baş Prokurorluq: DSX-yə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir

Qəza ilə əlaqədar Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-yə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AZƏRTAC