Baş Prokurorluq bəzi KİV-lərdə yayılan əsassız xəbərlərə münasibət bildirib
Digər xəbərlər

Baş Prokurorluq bəzi KİV-lərdə yayılan əsassız xəbərlərə münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində Fərəcov Pərvin Zakir oğlunun guya prokurorluq orqanlarında yeni vəzifəyə təyin edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Pərvin Fərəcov 2020-ci il iyulun 9-da Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı Şəhər Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin olunub və artıq bir ildən artıqdır həmin vəzifədə çalışır.

“Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir”, - deyə Baş Prokurorluğun məlumatında bildirilib.

AZƏRTAC