Baş Prokurorluq beynəlxalq əməkdaşlıq sahəsində əlaqələri uğurla inkişaf etdirir
Digər xəbərlər

Baş Prokurorluq beynəlxalq əməkdaşlıq sahəsində əlaqələri uğurla inkişaf etdirir

Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, belə tədbirlərin davamı olaraq Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı sentyabrın 26-30-da Parisdə Fransa Respublikasının Milli Magistratlar Məktəbi (ENM) tərəfindən "Beynəlxalq terrorizmə və zorakı radikallaşmaya məhkəmə yanaşması" mövzusunda təşkil olunmuş təlim kursunda iştirak edib. Terrorizmə qarşı mübarizə sahəsində Fransa hökuməti tərəfindən əldə edilmiş təcrübənin və həmin sahədə qazanılmış son nailiyyətlərin mübadiləsi məqsədi ilə təşkil olunmuş təlim kursunda dünyanın 13 ölkəsindən 15 nümayəndə, o cümlədən bu sahədə ixtisaslaşmış hüquq-mühafizə orqanlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sonda təlimi uğurla başa çatdırmış iştirakçılara sertifikat təqdim edilib.

Həmçinin sentyabrın 29-30-da həmin idarənin prokuroru Nigar Yahyazadə Strasburq şəhərində müxtəlif dövlətlərin və təşkilatların nümayəndələri, habelə bu sahədə mütərəqqi təcrübəyə malik müstəqil ekspertlərin də iştirak etdiyi Avropa Şurasının təşkilatçılığı ilə yaradılmış "Nifrət cinayətləri üzrə ekspert" komitəsinin ikinci iclasında iştirak edib. İclasda nifrət cinayətlərinin istintaqı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları üçün tövsiyə layihəsi müzakirə edilərək, izah memorandumunun qəbul edilməsi təklif olunub.

AZƏRTAC