Baş Prokurorluq:
Digər xəbərlər

Baş Prokurorluq:

Şəhid Səbuhi Əhmədovun qardaşının videomüraciətləri ilə əlaqədar araşdırma davam etdirilir

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı həssas bir dönəmdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçilərinin nüfuzdan salınması istiqamətində təxribat xarakterli müxtəlif məlumatların paylaşılması müşahidə edilməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu qəbildən olan informasiyaların təhlili zamanı Xasməmmədov Taleh Vidadi oğlunun feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında sentyabrın 16-da paylaşdığı Ermənistanla sərhəddə baş vermiş silahlı təxribatın qarşının alınması zamanı sentyabrın 13-də şəhid olmuş, əslən İmişli rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından birinin atasının oğlunun xidmətə qəbul edilməsi üçün 3000 manat pul verməsi barədə paylaşımı müəyyən edilib. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Taleh Xasməmmədov qeyd edilən məlumatı sosial şəbəkədə oxuyaraq öz hesabında paylaşdığını, həqiqətdə isə belə adam tanımadığını, əlavə məlumatının olmadığını bildirib. Eyni zamanda, 2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından şəhid olmuş hərbi qulluqçulardan İmişli rayonunda yaşayan və ya qeydiyyatda olan hərbi qulluqçunun olmadığı müəyyən edilib.

Taleh Xasməmmədovun Azərbaycan Ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaları yaymasının qanunsuz xarakteri diqqətinə çatdırılaraq, ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib. Həmçinin Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış sentyabrın 14-15 tarixli videomüraciətləri ilə əlaqədar araşdırma davam etdirilir, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Azərbaycanın Fransadakı səfirliyinə radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 18-də bir çox yerli və xarici media resurslarında Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd etmələrini əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədilə "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq sentyabrın 18-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.

Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.

AZƏRTAC