Baş Prokurorluğun və MEDİA-nın birgə təşkilatçılığı ilə “Media və hüquqi maarifləndirmə
Digər xəbərlər

Baş Prokurorluğun və MEDİA-nın birgə təşkilatçılığı ilə “Media və hüquqi maarifləndirmə" mövzusunda tədbir keçirilib

Ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşdırılması, o cümlədən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə mühüm tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlərin davamı kimi, prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılmasını, habelə məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə oktyabrın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında "Media və hüquqi maarifləndirmə" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş prokurorun müavini Heydər Məmmədov tədbiri açıq elan edərək qonaqları salamlayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın yenilməz Ordumuz tərəfindən 44 gün ərzində azad olunmasından söz açan Baş prokurorun müavini həmin bölgələrdə infrastrukturun bərpası ilə bağlı qısa müddətdə həyata keçirilən quruculuq işlərinin sürətlə davam etdirildiyini, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini vurğulayıb.

Tədbirdə Heydər Məmmədov prokurorluq orqanl

arında həyata keçirilən müasir məzmunlu islahatlar barədə məlumat verib. Xüsusilə prokurorluq orqanları və kütləvi informasiya vasitələri arasında mövcud işgüzar əlaqələrdən bəhs edən Heydər Məmmədov media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb, zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, son bir il ərzində Baş Prokurorluqda aparılan əsaslı islahatlar çərçivəsində prokurorluqda müstəqil struktur qurum kimi yaradılan mətbuat xidməti tərəfindən bu ilin doqquz ayında kütləvi informasiya vasitələrinin ümumilikdə 1423 sorğusu cavablandırılıb. Həmçinin prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı bu ilin doqquz ayı ərzində mətbuat xidməti tərəfindən 819 məlumat hazırlanaraq ictimailəşdirilib.

Heydər Məmmədov Baş Prokurorluğun və MEDİA-nın ilk birgə layihəsi olan "Media və hüquqi maarifləndirmə" vəsaitinin hazırlandığını bildirib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Baş Prokurorluq ilə MEDİA arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu bildirərək, mediada yayımlanan informasiyaya dair tələblər, cinayət və ya ictimai maraq kəsb edən hadisələr baş verdikdə jurnalistlərin və media nümayəndələrinin hadisə yerində diqqət yetirməli olduqları məqamlar barədə fikirlərini bölüşüb. Media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac olduğunu bildirən Əhməd İsmayılov dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında kommunikasiyanın modern tələblər səviyyəsinə çatdırılması, media nümayəndələrinin peşəkarlığının artırılması, sahəvi jurnalistikanın inkişafı ilə bağlı kompleks tədbirlərin görüldüyünü, prokurorluq orqanlarının bu işdə fəal iştirak etdiyini diqqətə çatdırıb. İcraçı direktor "Media və hüquqi maarifləndirmə" vəsaitinin məhz sahəvi jurnalistikanın inkişafı və media nümayəndələrinin peşəkarlığının artırılması baxımından önəmini vurğulayıb, prokurorluq əməkdaşlarının iştirakı ilə dəyirmi masa və görüşlərin gələcəkdə də təşkilinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə "Prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında mövcud münasibətlər və perspektivlər" mövzusunda çıxış edərək bildirib ki, son bir ildə Azərbaycan Prokurorluğunda aparılan əsaslı islahatlar çərçivəsində Baş Prokurorluğun mətbuat xidməti də müstəqil struktur qurum kimi formalaşdırılıb, onun fəaliyyəti ən müasir tələblər səviyyəsində təkmilləşdirilib. Bildirilib ki, ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən maarifləndirici videoçarxlar vasitəsilə cavablandırılması işi daim diqqət mərkəzində saxlanılır.

Sonra Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən "Media və hüquqi maarifləndirmə" adlı vəsaitin təqdimatı olub. Təqdimat zamanı məlumat verilib ki, bu vəsaitin hazırlanmasında əsas məqsəd informasiya mübadiləsi zamanı qanunvericiliyin, jurnalistin etik davranış qaydalarının qorunması, saxta, əsassız, dəqiqləşdirilməmiş xəbərlərin yayılmasının qarşısının alınması, habelə sağlam informasiya məkanının yaradılmasıdır. Nəşrdə jurnalistin öhdəlikləri, mediada yayımlanan informasiyaya dair tələblər, jurnalistin cinayət, yaxud ictimai maraq kəsb edən digər hadisələr zamanı fəaliyyəti, eləcə də intihar hadisələrinin oxuculara təqdim edilməsi, Avropa Məhkəməsinin presedent hüququ - ümumi prinsiplər və bu sahə üzrə əsas anlayışlar barədə ətraflı məlumatlar toplanıb.

Daha sonra Medianın İnkişafı Agentliyinin Hüquq və insan resurslarının idarə edilməsi departamentinin direktoru Rəqsanə Kərimova "İstintaq prosesinin mediada obyektiv işıqlandırılması və balanslı təqdimatı" mövzusunda çıxış edib. Təqdimatda bildirilib ki, istintaq prosesi zamanı insanların şəxsi həyatı, ailə dəyərləri, işgüzar nüfuzları və s. məsələlərlə bağlı məlumatlar dövlət tərəfindən həyata keçirilən araşdırmanın predmetinə çevrilir. Həmin şəxslərin hüquqlarının qorunması və istintaqın gedişinə maneə yaranmaması üçün media nümayəndələri bu prosesin işıqlandırılması zamanı son dərəcə həssas və diqqətli olmalıdırlar. Bundan başqa, təqdimatda müxtəlif hüquqi termin və anlayışların informasiyalarda doğru istifadə olunması və digər məsələlərə də toxunulub.

Çıxışlardan sonra prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulması barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirakçılar tərəfindən mühüm təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin informasiya mübadiləsi prosesində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC