Baş Prokurorluğun nümayəndəsi Türk Şurasının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib
Siyasət

Baş Prokurorluğun nümayəndəsi Türk Şurasının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə türkdilli dövlətlərin hüquq-mühafizə orqanlarının akademiyaları və təlim mərkəzləri arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 5-8-də Türkiyənin paytaxtı Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi ilə təşkilata üzv dövlətlərin hakim və prokurorlarının tədris müəssisələrinin ilk iclası keçirilib.

Türkiyə Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə üzv dövlətlərin müvafiq ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, COVID-19 pandemiyası dövründə ədliyyə sisteminin fəaliyyətinə dair təcrübə mübadiləsi məsələləri, ən əsası isə Türk Ədliyyə Akademiyaları Birliyinin təsis edilməsi ilə bağlı ilkin təşəbbüslər müzakirə edilib.

Tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təmsil edib. Baş Prokurorluğun nümayəndəsi prokurorluq orqanlarında həyata keçirilən islahatlar, eləcə də Elm-Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib.

İştirakçılar Türkiyənin ədliyyə naziri Abdulhamid Gül, Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, eləcə də digər dövlət rəsmiləri ilə görüşüb, həmçinin ədalət mühakiməsi sahəsində ən mühüm təsisatların fəaliyyəti ilə yaxından tanış olublar.

Səfər çərçivəsində türkdilli dövlətlərin ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi barədə ümumi razılıq əldə olunub.

AZƏRTAC