Baş Prokurorluğun nümayəndəsi Özbəkistanda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
Digər xəbərlər

Baş Prokurorluğun nümayəndəsi Özbəkistanda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviqi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistanın paytaxtı Daşkənddə UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar iclası keçirilib.

CASC şəbəkəsinin plenar iclasları üzv dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələrin yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib.

Azərbaycan Respublikası Baş Prokurorluğunu plenar iclasda Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı təmsil edərək, kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair sessiyada çıxış edib.

Tədbirin əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi olub. İclasda mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və əmlakın bərpası məsələlərində təcrübə mübadiləsi aparılıb, Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin 2023-cü il üçün iş planı müzakirə olunub.

AZƏRTAC