Baş Prokurorluğun keçirdiyi treninq başa çatdı
Digər xəbərlər

Baş Prokurorluğun keçirdiyi treninq başa çatdı

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidməti tərəfindən "Cinayətin təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları" mövzusunda keçirilən treninq başa çatıb. QHT əməkdaşları və media nümayəndələrinin iştirak etdiyi treninqin 2-ci günündə Baş Prokurorluğun Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov mediada istifadə olunan hüquqi terminlərin anlayışı mövzusunda iştirakçılara məlumat verdi. Daha sonra Lent.az informasiya agentliyinin baş redaktoru Hafiz Heydərov rəsmi dövlət qurumları ilə razılaşdırılmadan yayılmış məlumatların hüquqi nəticələri çərçivəsində çıxış etdi. Tədbirin davamında treninq iştirakçıları Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin binası ilə tanış oldular. Media nümayəndələrinə tədris mərkəzinin onlayn kitabxanası nümayiş etdirildi.

İştirakçıların cinayət işinin tədqiqi üzrə məlumatlanması və istifadə olunan avadanlıqlarla tanışlığı üçün Baş Prokurorluğun Kriminalistika Texnologiyaları İdarəsinin prokuroru Ayaz Qayıbov tərəfindən Baş Prokurorluğun kriminalistik otağında sualtı dronlar, detektorlar, barmaq izlərini qeydə alan cihaz və DİN ilə birgə əməkdaşlıq çərçivəsində yaradılmış elektron sistemin nümayişi həyata keçirildi. Avadanlıqların istifadəsi və istintaq prosesindəki rolu barədə treninq iştirakçılarına ətraflı məlumat verildi.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində iştirakçılara 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereyada Gəncə, Tərtər və Bərdə hadisələrinə həsr olunmuş videoçarx nümayiş olundu. Daha sonra tədbir iştirakçılarına Xüsusi mühüm işlər üzrə müstəntiq Elvin Hüseynov tərəfindən dindirilmə və tibbi otaqlar tanıdıldı, treninq iştirakçılarının sualları cavablandırıldı.

Tədbirin davamında Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı məsələlərin daha da gücləndirilməsi və bu çərçivədə kompleks tədbirlərin həyata keçirilməsi barədə media nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparıldı. Sonda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və şöbə rəisi Nigar Qələndərlinin mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyəti barədə çıxışlarından sonra media nümayəndələri sertifikatlarla təltif olundu.

Nurlan ABDALOV,

"Respublika".