Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Digər xəbərlər

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılmasının səmərəliliyinin artırılması məqsədilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə dəstək proqramı çərçivəsində BMT-nin Beynəlxalq Cinayətkarlıq və Ədalət Mühakiməsi Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutu (UNICRI) tərəfindən Belçikanın paytaxtı Brüsselə tədris turu təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və həmin idarənin prokuroru Əhməd Həsənov təmsil ediblər.

Tədbir "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin izlənməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi və idarə olunması sahəsində ən yaxşı təcrübənin öyrənilməsi" mövzusunda olmaqla, Belçika Prokurorluğunun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisinin (COSC) fəaliyyəti ilə tanışlıq xarakteri daşıyıb.

Turun birinci günündə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən aktivlərin bərpası sahəsində səylərin gücləndirilməsi istiqamətində görülən işlər və Belçika Prokurorluğunun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisi tərəfindən təqdimatlar nümayiş etdirilib, Aktivlərin bərpası üzrə qurumlararası şəbəkələrlə (ARO-CARİN) beynəlxalq əməkdaşlıq və SIENA (Təhlükəsiz məlumat mübadiləsi şəbəkəsi) platformasından istifadəyə dair məlumat verilib, müzakirələr aparılıb.

Tədbirin ikinci günündə müsadirə olunmuş daşınar əmlakların satışı üzrə Federal Xidmət Mərkəzinin işi ilə yerində tanışlıq olub. Qurumun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisi ilə qarşılıqlı əlaqəsi, müsadirə olunmuş əmlakların mərkəzə ötürülməsi, hərrac vasitəsilə onlayn və digər üsullarla satış qaydaları, əldə edilmiş vəsaitlərin sosial məqsədlər üçün yönəldilməsi barədə məlumat verilib.

Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə davam etdirilən islahatlar çərçivəsində Baş Prokurorluğun yeni strukturunun təsdiq edilməklə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin təsis olunması, idarə tərəfindən vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi ilə əlaqədar prokurorluğun struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin aktivlərin aşkarlanması, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə yönəldilmiş "Tvinninq" layihəsi üzrə tərəfdaş seçilməklə yaxın zamanlarda icrasına başlanılacağı barədə məlumat verilib.

AZƏRTAC