Baş nazirin müavini Əli Əhmədov Yaponiyanın “İtoçu
Digər xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Yaponiyanın “İtoçu" korporasiyası sədrinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov sentyabrın 6-da Yaponiyanın "İtoçu" korporasiyasının sədrinin müavini, Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Yoşihisa Suzuki ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tarixi əhəmiyyəti qeyd edilib, müxtəlif sahələrdə əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Dövlət Komissiyasının Bakıda keçirilən 11-ci iclasının əhəmiyyəti vurğulanıb, həmçinin Azərbaycan-Yaponiya qarşılıqlı faydalı əməkdaşlığının siyasi, iqtisadi-ticari, nəqliyyat-tranzit, enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

AZƏRTAC