Baş nazirin müavini Əli Əhmədov ilə Gürcüstan nümayəndə heyəti arasında görüş keçirilib
Siyasət

Baş nazirin müavini Əli Əhmədov ilə Gürcüstan nümayəndə heyəti arasında görüş keçirilib

Avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Əli Əhmədov Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət çəkərək, iki xalqın və dövlətin biri-birinə dərin hörmət və ehtiramı barədə danışıb.

Görüş çərçivəsində 30 illik işğal müddətində Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandallıq aktları haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə ərazimizin iyirmi faizinin zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmayıb, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurulub. 44 günlük Vətən müharibəsinin ardından dövlətimizin Qarabağda və Şərqi Zəngəzurda apardığı yenidənqurma və bərpa işləri barədə qonağa ətraflı məlumat verən Əli Əhmədov diplomatik korpusun tərkibində Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradzenin də işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı ermənilərin törətdikləri vandallıq aktlarının şahidi olduğunu qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkə arasındakı mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində tikilməkdə olan Azərbaycan teatrı barədə ətraflı məlumat verib, eyni zamanda, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qax rayonunda mədəniyyət mərkəzinin inşasına görə dərin təşəkkürünü bildirib.

AZƏRTAC