Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında iştirak edib
Siyasət

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında iştirak edib

Noyabrın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Ə.Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib.

Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu bildirən Baş nazir deyib ki, ötən müddət ərzində Birlik mürəkkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb.

Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və Birlik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önəm verdiyi vurğulanıb.

Ə.Əsədov Şura üzvlərinin diqqətini ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsinə yönəldərək bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq təmin edib.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardığı, orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasətinin həyata keçirildiyi, urbisid, kultursid və ekosid törədildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir.

Əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulayıb.

Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilərək bildirilib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də bütün region ölkələrinin maraqlarına cavab verir. Baş nazir qeyd edib ki, nəqliyyat marşrutlarının açılması təkcə region miqyasında deyil, Birliyə üzv olan bütün dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.

Çıxışda hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırdır.

Baş nazir, həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan cari ilin yanvar ayından regionda peyvəndlənməyə ilk başlayan ölkələrdən biri olub. Peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilir və vətəndaşlara hansı peyvəndlə vaksinasiya olunmaqları ilə bağlı seçim imkanı verilir.

Ə.Əsədov MDB məkanında əməkdaşlığın bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları olub, MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan çıxışında əsassız olaraq Azərbaycanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli razılaşmalarının icrasını təhlükə altına almaqda ittiham edib. Nəqliyyat kommunikasiyası məsələsinə toxunan M.Qriqoryan deyib ki, Azərbaycan guya güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını şişirdərək onu təbliğ edir. Ermənistanın baş nazirinin müavini, həmçinin Azərbaycanı guya erməni "hərbi əsirlər"i saxlamaqda da ittiham edib.

Ümumi fikir mübadiləsindən sonra Baş nazir Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək söz alıb və Ermənistan tərəfinin yalan dolu ittihamlarına cavab verib. Baş nazir qeyd edib ki, 44 günlük müharibə artıq başa çatıb və Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad edib.

Baş nazir bir daha diqqətə çatdırıb ki, Azərbaycan birgə Bəyanatın bütün bəndlərinə tam sadiqdir və bundan sonra da onları yerinə yetirəcək.

Bəyanatın regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə toxunan Ə.Əsədov xatırladıb ki, bu məsələyə Azərbaycanın Baş nazirinin müavininin, Rusiya hökuməti sədrinin müavininin və iclasda iştirak edən Ermənistanın baş nazirinin müavininin həmsədrliyi ilə işçi qrup çərçivəsində baxılır. "Bu baxımdan Azərbaycanın guya bu məsələlərin həllini güc tətbiqi və ya hədə-qorxu ilə müşayiət etməsinə dair ittihama gəldikdə, zənnimcə, burada şərhə ehtiyac yoxdur. Çünki bu məsələlərə işçi qrup çərçivəsində baxılır və bu, təkcə Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir", - deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir, həmçinin M.Qriqoryanın rəsmi Bakının guya erməni "hərbi əsirləri" əsirlikdə saxlaması ilə bağlı böhtan dolu açıqlamasına da cavab verib. Ə.Əsədov bəyan edib ki, Azərbaycan birgə Bəyanatın hərbi əsirlərlə bağlı müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli bəyanatına istinad edərək bildirib ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana təhvil verilib.

Vurğulanıb ki, üçtərəfli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistan tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə göndərilib və onlar tərksilah edilərək Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Qeyd edilib ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, bu şəxslər hərbi əsir sayıla bilməz.

Baş nazir bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistan tərəfinə qaytarıb, bu qrupdan olan digər 33 nəfər isə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə məhkum edilib.

Həmçinin qeyd olunub ki, cari il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı Sessiyasında Azərbaycan öz ərazisində artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidinin olmadığını bəyan edib. "Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var", - deyə Ə.Əsədov çıxışını yekunlaşdırıb.

İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin mayında Qazaxıstan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib.

Sonda bir sıra sənədlər imzalanıb.

AZƏRTAC