Barama mövsümü
İQTİSADİYYAT

Barama mövsümü

Cəbrayıl rayonunda ənənəvi kənd təsərrüfat sahələrindən biri baramaçılıqdır. Rayon kümçüləri keçən il 4 ton 900 kiloqram barama istehsal edərək nəzərdə tutulan planı respublikada birincilər sırasında yerinə yetirmişlər. Hər kiloqramı 11 manatdan hesablanan məhsuldan  kümçülər  xeyli mənfəət əldə etmişlər.

Gəlirli sahə olduğundan cari ildə rayon sakinləri yeni mövsümə həvəslə hazırlaşırlar. Kümçülər keçən il 115 qutu aldıqları haldabu il 135 qutu barama qurdu götürüb məhsul istehsal etmək əzmindədirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata əsasənbaramaçılığın inkişafı üçün rayonda yaxşı baza yaradılmışdır. Kümçülər əvvəllər tut yarpağını Beyləqan, Ağcabədi, digər rayonlardan gətirdiklərindən məhsulun maya dəyəri baha başa gəlirdi. İndi Biləsuvar rayonu ərazisində cəbrayıllıların  müvəqqəti məskunlaşdıqları ərazidə 161 hektar tut bağı salınmışdır. Builki ağac əkini mövsümündə bağın sahəsi daha 35 hektar artırılmışdır.

Tofiq HÜSEYN,

"Respublika".