Balakişi Qasımov: Əsas hədəfimiz qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı uğurla təmsil etməkdir
MÜSAHİBƏLƏR

Balakişi Qasımov: Əsas hədəfimiz qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı uğurla təmsil etməkdir

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməyim üçün göstərilən yüksək etimada görə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilən Balakişi Qasımov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Əsas hədəfin ölkəmizdə qılıncoynatma idmanının inkişafı, bu sahədə yeni nailiyyətlərin əldə olunması və qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək olduğunu vurğulayan B.Qasımov bildirib: "Hesabat-seçki yığıncağında federasiyanın əvvəlki prezidenti Mikayıl Cabbarov ötən dörd il ərzində görülən işlər, ölkəmizdə idmanın bu növünün inkişafı, qazanılan uğurlar barədə ətraflı məlumat verdi. Əsas vəzifəm bu uğur yolunu davam etdirməkdir. Gələcəkdə qılıncoynatma idmanının kütləviliyinin daha da artırılması istiqamətində bir sıra tədbirlərin görülməsini planlaşdırırıq".

Qılıncoynatma idmanı ilə məşğul olan yeniyetmələrin sayının son illərdə iki dəfə artdığını bildirən B.Qasımov vurğulayıb: "Gələcəkdə beynəlxalq turnirlərdə daha böyük nailiyyətlərin qazanılması üçün səylə çalışacağıq. Dörd il çiyin-çiyinə işlədiyimiz heyətlə birgə ölkəmizdə qılıncoynatma idmanının inkişafına yeni töhfələr vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

AZƏRTAC