Balakəndə V Ümumrespublika Uşaq Forumunda iştirak edəcək uşaqların seçimi aparılıb
Sosial həyat

Balakəndə V Ümumrespublika Uşaq Forumunda iştirak edəcək uşaqların seçimi aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Regional İnkişaf İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə bu ilin noyabrında Bakıda keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə bölgələrdə namizəd uşaqlarla görüşlər davam edir. Respublikanın şimal-qərb bölgəsində növbəti görüş sentyabrın 8-də Balakən rayonunda reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AQUPDK-nin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Balakən rayon Təhsil Şöbəsində təşkil edilən seçim turunda sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13-17 yaş arasında 20 namizəd uşaq iştirak edib. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlara suallar ünvanlanıb, qiymətləndirmə aparılıb. Seçim aparılarkən, ilk növbədə, uşaqların liderlik, təşəbbüslə çıxış etmək, ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqlarına diqqət yetirilib, gələcək planları barədə fikirləri öyrənilib.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Gövhərət İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uşaq forumlarının keçirilməsində məqsəd uşaq hüquqlarının qorunması və təbliğinə nail olmaq, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərini nəzərə almaq, onların maraqlarını qorumaq, uşaqlara öz problemlərini qaldırmaq, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini uşaqların hüquq və azadlıqlarının qorunmasına yönəltməkdir.

Seçim mərhələsinin yekununa əsasən sosial fəallığı ilə fərqlənən 2 uşaq Uşaqların V Ümumrespublika Forumunda Balakən rayonunu təmsil edəcək.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə növbəti görüş Qax rayonunda təşkil olunacaq.

AZƏRTAC