Digər xəbərlər

"Baku Esports Cup" turnirinin qalibləri Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah-sursatla tanış olublar

Cənubi Qafqazda ən böyük kiberidman təşkilatı olan "Gaming League Azerbaijan" ölkəmizdə elektron idmanın təşviqi və inkişafı, gənclərin yüksək texnoloji biliklərə yiyələnməsi, qabaqcıl təcrübəni mənimsəmələri, dünya görüşlərinin genişləndirilməsi, vətənpərvər ruhda tərbiyə olunmaları istiqamətində bir sıra tədbirlər həyata keçirir.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a məlumat verilib.

Belə tədbirlərin davamı olaraq, "Gaming League Azerbaijan"ın müraciəti əsasında 128 komandadan 400 nəfərdən çox gənc oyunçunun iştirak etdiyi "Baku Esports Cup" turnirinin qalibləri və iştirakçıları MSN-in təşkilatçılığı ilə nazirliyin müasir tələblərə cavab verən sərgi salonunda olublar.

Əvvəlcə MSN-in məsul əməkdaşları tədbir iştirakçılarını nazirliyin tarixi və fəaliyyəti barədə məlumatlandırıblar. Onlar ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəmizdə bütün sahələrə olduğu kimi, müdafiə sənayesinə də böyük diqqət göstərdiyini, bu sahənin daha da inkişafının dövlətimizin prioritet istiqamətlərindən olduğunu bildiriblər. Vətən müharibəsində Azərbaycan silahının düşmənə sarsıdıcı zərbələr vurması barədə faktları diqqətə çatdırıblar.

Sonra gənclər MSN-in tabeli birlik və müəssisələrində istehsal olunan müxtəlif növ silah-sursatlarla tanış olublar. Mütəxəssislər onlara silahların texniki göstəriciləri haqda məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıblar. "Gaming League Azerbaijan"ın nümayəndələri və gənclər müdafiə sənayesi naziri Mədət Quliyevə təşkil olunan maraqlı və geniş informasiya tutumlu tədbirə, 44 günlük Vətən müharibəsində yüksək nailiyyətlərə imza atan Azərbaycanın yerli istehsalı olan silahları canlı görmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını vurğulayıblar.

Qeyd olunub ki, gələcəkdə Azərbaycan Ordusunun və silahının gücünü nümayiş etdirən oyunların hazırlanması nəzərdə tutulub. Gənclərə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə MSN-in şanlı Zəfərə verdiyi töhfələr, bu qurumun ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan və müharibə iştirakçısı olan işçilərindən bəhs edən "Tarix yazan qəhrəmanlar" kitabı hədiyyə olunub.

Sonda tədbir iştirakçıları MSN-in əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə xatirə şəkli çəkdiriblər.

"Baku Esports Cup" turniri Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi, Azərbaycan Kiber İdman Federasiyası və "Gaming League Azerbaijan"ın təşkilatçılığı ilə keçirilib.

 AZƏRTAC