Bakıda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunan tədbir keçirilib
Digər xəbərlər

Bakıda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunan tədbir keçirilib

İyulun 15-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "15 İyul şəhidlərini anım, demokratiya və milli birlik günü" mövzusunda tədbir keçirilib. Tədbir 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunub.

AZƏRTAC xəbər verir ki, Yunus Əmrə İnstitutunda təşkil olunan tədbirdə Türkiyə və Azərbaycanın hökumət nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində çevrilişə cəhdin qarşısını alarkən şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət Himni səsləndirilib.

Daha sonra hadisələrin görüntülərindən ibarət videoçarx nümayiş olunub.

Tədbirin moderatoru, Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər üzrə müşaviri general Nuri Öztürk bildirib ki, 2016-cı il iyulun 15-də Fətullahçı Terror Təşkilatı (FETÖ) Türkiyə hökumətinə və türk millətinə qarşı qanlı çevrilişə cəhd göstərərək, ölkədə demokratiyaya təhlükə yaratdı. Qiyamçılar 251 günahsız insanın ölümünə bais oldular, minlərlə insanı yaraladı. Həmin gecə türk milləti canı bahasına demokratiyanı müdafiə etdi. Vurğulanıb ki, həmin çətin günlərdə türk milləti öz Prezidentinin ətrafında sıx birləşərək dövlətçilik üçün yaranan təhlükənin qarşısını aldı. O, Türkiyənin terrorla mübarizədə qətiyyətli olduğunu və sonadək mübarizə aparacağını qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, həm 15 iyul hadisələrində, həm də 27 sentyabrda Azərbaycan və Türkiyə xalqı öz gücünü göstərdi. Qeyd olunub ki, tarix boyu türk xalqları haqqı, ədaləti, müstəqilliyi hər zaman seviblər. Xalqlarımız, həmçinin öz humanist keyfiyyətləri ilə fərqlənirlər. Bizim vətəni şanlı edən qəhrəmanlardır.

Nazir müavini bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənə qalib gəldi. Bu çətin anlarda qardaş Türkiyə bizim yanımızda oldu, öz dəstəyini göstərdi. Biz də həmişə Türkiyənin yanındayıq.

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Mustafa Çakır yüzlərlə insanın həyatını itirməsinə və türk xalqına qarşı törədilən ağır cinayətə görə FETÖ-nün məsuliyyət daşıdığını qeyd edib. Dövlət çevrilişinə cəhd nəticəsində Türkiyə xalqına və dövlətinə vurulan zərərin nəticələrdən danışan M.Çakır deyib: "Bütün dünya fetöçülərin əslində kim olduqlarını və hansı işlərlə məşğul olduqlarını nəhayət ki gördü. Türkiyə terrora qarşı mübarizə aparmağa davam edir".

Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, tarix elmləri doktoru Telman Nüsrətoğlu mövzu ilə bağlı fikirlərini bildiriblər, Azərbaycan-Türkiyə dostluq və qardaşlığından danışıblar.

Şəhidlərin ruhuna dualar oxunub.

Sonda hadisələr zamanı çəkilən fotolardan ibarət sərgi nümayiş olunub.

AZƏRTAC