Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium keçirilib
Türk dünyası

Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium keçirilib

İyunun 9-da Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, TÜRKPA, Milli Məclis və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən simpozium İkinci Qarabağ müharibəsində ölkəmizin Zəfəri, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümlərinə həsr olunub.

Hibrid formatda (fiziki və onlayn iştirak) təşkil edilən tədbirdə üzv ölkələrdən parlamentarilər, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, səfirlər və üzv ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak ediblər.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop simpoziuma videomüraciət ünvanlayıblar.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qələbə, bu Zəfər bütün türk dünyasının Zəfəridir. Mərkəzin rəhbəri qeyd edib ki, zaman bizim xeyrimizə işləyir. Azərbaycanın Zəfəri yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.

O qeyd edib ki, simpoziumun Mustafa Kamal Atatürkün irsinin öyrənilməsi məqsədilə yaradılan mərkəzdə keçirilməsi təsadüfi deyil. Məqsəd bu irsin öyrənilməsini davam etdirməkdir.

2020-ci və 2021-ci illərin türkdilli dövlətlər üçün mühüm hadisələrlə əlamətdar olduğunu vurğulayan TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov simpozium iştirakçılarının diqqətinə çatdırıb ki, biz İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu, Türkiyə Böyük Millət Məclisinin isə 100-cü ildönümlərini qeyd edirik. Bunlar çox böyük tarixi hadisələrdir.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Azərbaycanın Zəfəri bütün türk dünyasının Qələbəsidir. Biz bununla fəxr edir və qürur duyuruq. Ötən 30 ildə türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndiyini qeyd edən A.Mamayusupov bu baxımdan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsində Türk əməkdaşlıq təşkilatlarının mühüm rolunu vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğulayıb ki, türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahələrdə və parlamentlərarası əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Türkdilli dövlətlərinin 1990-cı illərdən sonra böyük inkişaf yolu keçdiyini qeyd edən Düsen Kaseinov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün münasibətlərin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, TÜRKSOY-un yaradılması da məhz bu məqsədə xidmət edir. Türkdilli dövlətlər arasında dostluq əlaqələrinin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edən Düsen Kaseinov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər hamımızın Qələbəsidir. Müstəqilliyimiz daimi olsun.

Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını qeyd edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ölkələrimizin müstəqillik tarixindən danışaraq deyib: “Müstəqilliyimiz bizim üçün hər şeydir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq bir daha enməz”. 2021-ci il çox uğurlu ildir. Bu il Türkiyə Cümhuriyyətinin dövlət himni olan İstiqlal marşının yazılmasından 100 il ötür”.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən danışan Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, türkdilli dövlətlər arasında mədəniyyət və təhsil sahələrində başlayan əməkdaşlıq daha geniş müstəviyə adlayıb. Onun sözlərinə görə, proseslərin gedişi onu göstərir ki, əlverişli məkanda yerləşən türkdilli dövlətləri çox böyük gücə malikdirlər. Bildirib ki, türkdilli dövlətlərin gələcək taleyi parlaq, müstəqilliyi isə əbədidir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında bildirib ki, bu il türkdilli dövlətlərin müstəqilliyinin 30 ili tamam olur. Türkdilli dövlətlər müstəqilliklərinin 30-cu ilinə Azərbaycanın Qarabağ müharibəsində qazandığı Zəfərlə daxil oldu. Qarabağ Zəfəri bütün türk dünyasını bir-birinə daha da yaxınlaşdırdı. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Türkdilli dövlətlər həmrəylik göstərərək Azərbaycanın yanında oldular.

Günay Əfəndiyeva bu il həm də bütün türk dünyasının şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin “Xəmsə”si digər türk xalqları üçün sənət xəzinəsidir.

TÜRKPA-nın Komissiya sədri, türkiyəli deputat İsmet Uçma ötən 30 ildə türkdilli ölkələrdə inkişaf və təqdirəlayiq nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında əməkdaşlıq perspektivlərindən danışıb. Onun sözlərinə görə, türkdilli ölkələrin əldə etdiyi nailiyyətlərdə, əlaqələrin möhkəmlənməsində Türk institusional əməkdaşlığının rolu xüsusi qeyd olunmalıdır. Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək.

Sonra tədbirdə Azərbaycan və Türkiyənin parlament sədrlərinin videomüraciətləri nümayiş etdirilib.

Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova simpoziuma videomüraciətində türkdilli dövlətlərin parlament üzvlərini, elm və siyasət adamlarını bir araya gətirmiş bu mühüm tədbirə uğurlar arzulayıb. O, simpoziumda aparılacaq fikir mübadiləsinin türk dünyasının dünəni, bu günü və gələcəyi haqqında ümumi baxışların formalaşmasına kömək edəcəyinə inam ifadə edib. Spiker bildirib ki, tarix boyu türkdilli xalqlar bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər. Dünyanın böyük hissəsinə yayılan xalqlarımız vahid sivilizasiya əlamətlərini qoruyub saxlayıb, onları birləşdirən ortaq dəyərləri daha da zənginləşdiriblər. Çoxsaylı türk dövlətləri xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından güc alaraq yüksəlib.

Videomüraciətində Sahibə Qafarova XX yüzilliyin 70 ili ərzində qardaş Türkiyə Cümhuriyyətinin yeganə müstəqil türk dövləti olduğunu vurğulayıb. Qeyd edib ki, bu dövlət türk xalqının Qurtuluş savaşında göstərdiyi fədakarlığın, verdiyi böyük qurbanların sayəsində qurulub. Türk xalqının müqəddəratını müəyyən etmiş bu tarixi Zəfərdə Türkiyə Böyük Millət Məclisinin müstəsna rolunu bir daha xatırladan Azərbaycan parlamentinin sədri deyib ki, məhz bunun nəticəsi olaraq Böyük Millət Məclisi “Qazi Məclis” ünvanını alıb. Əminliklə bildirilib ki, 100 yaşlı Türkiyə Böyük Millət Məclisi indiyədək türk xalqına böyük xidmətlər göstərib və bundan sonra da hələ çox xidmətlər göstərəcək.

Uzun illər ərzində Türkiyə Cümhuriyyətinin dünyanın müxtəlif bölgələrində yaşayan qardaş xalqlar üçün cazibə mərkəzi olduğunu qeyd edən Milli Məclisin sədri deyib ki, XX əsrin sonlarında - 30 il əvvəl Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlət müstəqilliklərini bərpa ediblər. Beləliklə, bu gün qədim türk dövlətlərinin varisi olan 6 müstəqil cümhuriyyətimiz var.

Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər təşkilatların xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, tarix türk dövlətlərinin qarşılıqlı dəstəyinin nələrə qadir olmasına dair hadisələrlə zəngindir, ötən ilin sonlarında qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın 30 ildən bəri erməni işğalında olan torpaqlarını hərbi-diplomatik vasitələrlə azad etməsi bunu bir daha sübuta yetirdi. O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün türk dünyasına qürur verən hadisə oldu.

Sahibə Qafarova bu böyük Qələbənin önəmli nəticələrindən biri kimi, ölkələrimiz arasında birbaşa bağlantı quracaq Zəngəzur dəhlizinin inşası üçün tarixi imkan yaranmasına diqqət yönəldib. Deyib ki, indiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.

Müraciətinin yekununda xoş diləklərini çatdıran Milli Məclisin sədri Sahibə Qafarova qurduğumuz dövlətlərin möhkəm və əbədi olmasını arzulayıb. Simpozium iştirakçılarını türk dünyasının xoşbəxt gələcəyi naminə bizə vəsiyyət edilmiş dil, əqidə və əməl birliyini daim möhkəmləndirməyə, hər sahədə bir-birimizə dəstək verməyə çağırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop videomüraciətində türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümünü və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünü qürurla qeyd etdiklərini, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərindən iftixar duyduqlarını vurğulayıb. Deyib ki, türk dövlətləri arasındakı həmrəyliyin gündən-günə möhkəmlənməsi, işbirliyinin daha da güclənməsi bizlər üçün iftixar mənbəyidir. Hamımız Asiyadan Avropayadək insanlığa ədalət, təvazökarlıq və birlik anlayışını gətirən nəsillərin mirasçılarıyıq. Xalqlarımız arasındakı tarixi bağlardan söz açan TBMM-in sədri Mustafa Şəntop ortaq dil, din, mədəniyyət kimi amilləri önə çəkib. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən enerjiyədək bütün sahələrdə birlik və həmrəylik çərçivəsində olmaq zərurətini vurğulayıb.

Azərbaycan Atatürk Mərkəzində keçirilən beynəlxalq simpoziumun türkdilli dövlətlər arasındakı münasibətlərin, əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd edən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib: “Gücümüz birliyimizdədir, biz gücümüzü birliyimizdən alırıq”.

Səfir vurğulayıb ki, Qarabağ Zəfəri yeni məqsədlər uğrunda mübarizənin başlanğıcıdır. “Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkdi. Sonda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Türkiyə də ona siyasi və mənəvi dəstək verdi. Qardaş ölkənin Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb”, - deyə diplomat bildirib. Diqqətə çatdırılıb ki, türk dövlətlərinin bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələri də yüksək səviyyədə inkişaf edir.

Açılış mərasimi başa çatdıqdan sonra simpozium işini 3 paneldə davam etdirib.

“Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər və parlamentlərin rolu” mövzusunda birinci panelə Milli Məclisin deputatı Cavanşir Feyziyev moderatorluq edib.

Birinci paneldə Qazaxıstanın deputatı Sautbek Abdrahmanov (videokonfrans formatında), Qırğızıstanın deputatı Baktıbek Raymkulov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Muxamed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi mövzu ətrafında çıxış ediblər.

Sonra söz elm adamlarına verilib. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Akademik E.A.Buketov adına Karaqanda Universitetinin rektoru professor Nurlan Dulatbekov (videokonfrans formatında), Qırğız Respublikası XİN-in Diplomatiya Akademiyası rektorunun müavini professor Zainidin Kurmanov (videokonfrans formatında) ortaq türk dili və əlifbasının yaradılması, ortaq türk terminologiyası və sair kimi bir sıra mühüm məsələlərdən bəhs ediblər.

Birinci panelin yekununda ailə fotosu çəkdirilib.

Fasilədən sonra simpozium işini növbəti panellərdə davam etdirib. “İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Zəfərinin türk dünyası üçün önəmi” mövzusunda ikinci panelə Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Milli suverenliyin təzahürü olaraq TBMM və İstiqlal Marşının qəbulu” mövzusunda üçüncü panelə Milli Məclisin deputatı Sədaqət Vəliyeva moderatorluq ediblər.

Panellərdə türkdilli ölkələrin tanınmış elm adamları, ictimai-siyasi xadimləri və deputatları, o cümlədən Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış ediblər.

Simpoziumu tədbirin təşkilatçıları yekunlaşdırıblar.

AZƏRTAC