Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Audiovizual media üzrə tənzimləyici orqanlarının toplantısı keçirilib
Türk dünyası

Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Audiovizual media üzrə tənzimləyici orqanlarının toplantısı keçirilib

Oktyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Türk Dövlətləri Təşkilatının çətiri altında bütün sahələrdə olduğu kimi, media sahəsində də dərin və geniş inteqrasiya proseslərinin baş verdiyini söyləyib. Şura sədri deyib ki, Təşkilata üzv ölkələrin müvafiq strukturları, media qurumları və təşkilatları arasında onlarla memorandumlar imzalanıb, çoxsaylı müxtəlif konfrans və tədbirlər, qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil olunub və olunmaqdadır. "Azərbaycanla Türkiyə arasında media sahəsində Əməkdaşlıq Memorandumunun imzalanması və Birgə Media Platformasının yaradılmasından sonra ötən il Audiovizual Şura bu ideyanın inkişaf etdirilərək yenidən gündəmə gətirilməsinə nail olub", - deyə o bildirib.

İsmət Səttarov qeyd edib ki, Türk Dövlətlərinin Audiovizual Media Tənzimləyiciləri Forumunun yaradılması ideyası yeni deyil. Bu ideya ilk dəfə 2017-ci ildə Van şəhərində keçirilən görüşdə qardaş Türkiyənin tənzimləyici qurumu olan RTÜK tərəfindən irəli sürülüb. Lakin regionda baş verən proseslər, habelə 2020-ci ildən dünyanı cənginə alan pandemiya bu məsələnin inkişafı prosesini ləngidib.

Sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman diqqətə çatdırıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasında media və informasiya sahəsində mübadilələr mövcuddur. "Bir çox sahədə olduğu kimi, media sahəsini də inkişaf etdirmək əhəmiyyətlidir. Təşkilat olaraq ölkələrimizə dair informasiyaları dünyaya düzgün şəkildə çatdırmaq niyyətindəyik. Məqsədimiz dezinformasiyaların qarşısını almaqdır. Şəffaf fəaliyyət bizim əsas məqsədimizdir. Hazırkı dönəmdə audiovizual medianın mühüm əhəmiyyəti var. Biz bunun vasitəsilə türk dünyasında məsafələri qısaltmışıq", - deyə o qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə çıxışında Türk Dövlətləri Təşkilatının media təmsilçilərinin forumunun keçirilməsi mühüm hadisə olduğunu bildirib. Qeyd edilib ki, TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafı həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir. "Audiovizual sahədə təşəbbüslər əhəmiyyət mühüm kəsb edir. Audiovizual proqramların hazırlanması günümüzün tələbidir. Ölkəmizdə bu sahədə fəaliyyətin təşkilində müsbət göstəricilər mövcuddur. Azərbaycan regionda rəqəmli televiziyaya keçmiş ilk ölkələrdən biridir. Azərbaycanla Türkiyə arasında da media sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu, televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir", - deyə E.Vəlizadə əlavə edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, hazırda rəqəmsal media məkanı gündən-günə genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi demək olar bütün ölkələri əhatə edir. İcraçı direktor qeyd edib: "Prezident İlham Əliyevin Fərmanı ilə yaranmış Medianın İnkişafı Agentliyi beynəlxalq informasiya mübadiləsinə hesablanmış tədbirlər görür. Bu il Şuşada keçirilən beynəlxalq forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur".

Vurğulanıb ki, Medianın İnkişafı Agentliyi fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, həmçinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür.

Daha sonra Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistanın media nümayəndələri çıxış edərək audiovizual medianın əhəmiyyətindən danışıblar. Media sahəsindəki həmrəyliyin ölkələrimiz arasında düzgün məlumatların, informasiyaların dünyaya çatdırılmasında vacibliyi vurğulanıb.

Sonda üzv və müşahidəçi ölkələrin audiovizual media sahəsi ilə bağlı təqdimatları nümayiş etdirilib.

AZƏRTAC